Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 11-də brifinq keçirib. Sualları cavablandıran XİN rəsmisi bildirib ki, Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədiboyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir.
Avropa İttifaqının real imkanlarından danışan Zaxarova qeyd edib ki, 8 il ərzində Berlin və Paris “Ukrayna ətrafındakı vəziyyətin qaynar mərhələyə keçməsinin qarşısını ala bilməyib”.
Mətbuat katibi vurğulayıb ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür: “Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”.
Zaxarovanın çıxışının xeyirimizə olduğunu deyən Ağ partiyanın sədr müavini Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, XİN rəsmisinin bu bəyanatları rəsmi Moskva ilə İrəvan arasındakı vəziyyəti daha da gərginləşdirir:
“Sərhədlərdə müşahidəçilərin yerləşdirilməsi tələbi Ermənistana aid olduğundan, bu açıqlama birbaşa onlara ünvanlanıb. Rəsmi İrəvanın addımlarını Avropaya tərəf yönəltməsi Kremlin xoşuna gəlmir. Moskva ilə İrəvan arasındakı münasibətlərin gərginləşməsi isə Bakını qazanclı çıxarrır. Ermənistan tərəfi Azərbaycana qarşı hiylə işlədərək sərhəddə müşahidəçilər yerləşdirməyi qərarlaşdırmışdı.
Lakin Rusiyanın razılığı olmadan bu qərarın verilməsi, İrəvana baha başa gələ bilər. Kreml isə münaqişənin həllinə öz maraqları çərçivəsində baxır və ikinci tərəflərin qarışmasına qısqanclıqla yanaşır. Bu səbəblərdən də Zaxarovanın belə tip açıqlamalarına təcüblənməmək lazımdır”.