“İndiki şəraitdə rəsmi Bakı İrəvanı daha çox sıxa bilər”

“Məsələn, biz onlardan müharibə təzminatı tələb edə bilərik, amma etmirik”

“Bu Azərbaycanın Ermənistana etdiyi çox böyük bir jestdir”


Prezident İlham Əliyev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Çıxış zamanı ölkə rəhbəri qeyd edib ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu:

“Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”. 

Politoloq, dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev də bildirib  ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və razılaşmaları həyata keçirməməsi, bütün məsuliyyəti onun üzərinə qoyur:

“Hazırda sülh müqaviləsinin imzalanmamasında əsas iki səbəb var. 

Birincisi, rəsmi İrəvan bizim ərazi bütövlüyümüzü tanımaq istəmir. İkincisi isə 9 Noyabr razılaşmasının tərkibindəki bəndləri yerinə yetirmir. 

Bu da Ermənistanın başqa bir qərəzli yanaşmasıdır. Beynəlxalq hüquqda da bu məsələlərin həll olunması tələb olunur. 

Çünki mübahisəsiz Qarabağ Azərbaycanın ərazisidir və bütün beynəlxalq təşkilatlar onu elə tanıyır. Digər tərəfdən indiki şəraitdə rəsmi Bakı İrəvanı daha çox sıxa bilər. 

Məsələn, biz onlardan müharibə təzminatı tələb edə bilərik, amma etmirik.

  Bu Azərbaycanın Ermənistana etdiyi çox böyük bir jestdir. Yəni bu gün sülhə mane olması və öhdəliklərindən boyun qaçırması bizə, günahkar Ermənistandır deməyə imkan verir”.