Makron məntiqsiz danışır! – “Fransa münaqişənin həllinə kömək etməyib”

“Əksinə hər zaman ermənipərəst mövqe tutaraq açıq şəkildə tərəfkeşlik edib”

Fransa prezidenti Emanuel Makron Rusiya Federasiyasını “Qarabağ məsələsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etmək”də ittiham edib.
İttihamı cavablandıran Rusiya Prezidenti Vladimir Putin isə fransalı həmkarının Qarabağla bağlı açıqlamalarını “yanlış və qəbuledilməz” adlandırıb.
MDB Dövlət Başçıları sammitində çıxışı zamanı Rusiya lideri bildirib ki, dünən Fransa liderinin bəzi şərhlərini oxuyanda təəccüblənib:
“Hesab edirəm ki, onların münaqişənin gedişatından anlayışları yoxdur. Görünür, Makron tərəflərin mövqeyi barədə məlumatsızdır. Ona görə də, onlar (Fransa prezidentinin bəyanatları - red.) yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir. Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik.  Rusiya həmişə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafındakı məsələləri səmimi şəkildə həll etməyə çalışıb”.

İki tərəfin də haqsız olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, bu ittihamla Minsk qrupunda olan Fransa özünü də günahlandırır:

“ Dağlıq Qarabağ münaqişəsini yaradan tərəf, həqiqətən də, Rusiyadır və bu məsələdən öz maraqları üçün istifadə edib. Lakin Makronun açıqlamaları da məqsədyönlü xarakter daşıyır. Çünki o bu açıqlamaları sülh istədiyi üçün yox, Cənubi Qafqaz uğrunda mübarizədə Kremllə rəqabətdə olduğu üçün verib. O bununla, Fransanın da Rusiya kimi pozucu qüvvə olduğunu etiraf etmiş olur. Əgər Moskva münaqişəni yaradıbsa, Paris də münaqişənin beynəlxalq hüquq çərçivəsindəki həllini 30 il ləngidib. Nəticədə də Azərbaycan ordusu bu problemləri həll etməli olub. Yəni ki, Makronun bu günkü açıqlamaları məntiqsizdir. Fransanın özü də münaqişənin həllinə kömək etməyib.Əksinə hər zaman ermənipərəst mövqe tutaraq açıq şəkildə tərəfkeşlik edib. Putinin cavabı isə müqavimət xarakteri daşıyır. Ona görə ki, Qərb və Fransa Moskvanı regiondan sıxışdırmağa çalışır və onlar arasında mübarizə gedir.  Bu nəhənglər arasındakı mübarizə isə Ermənistan üçün ağır nəticələnəcək. Çünki böyüklərin savaşında kiçiklər hər zaman əzilir”.