Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir ki, bu gün Şura vəziyyətin monitorinqi, təhlili və hesabatı üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ ekspertinin göndərilməsi barədə qərar qəbul edilib.
Aİ vurğulayır ki, regionda mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib və məqsəd “bölgədə sülhün və təhlükəsizliyin bərpasına, iki dövlət arasında etimadın möhkəmləndirilməsinə və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir.
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə "Sherg.az"a danışarkən diqqətə çatdırıb ki, oktyabrın 6-da Praqda əldə edilən 3 razılaşmadan biri də Ermənistan-Azərbaycan sərhəddinə Aİ ekspertlərindən ibarət mülki missiyanın göndərilməsi idi:
“Praqada əldə edilmiş 3 böyük nəticə var idi. Birincisi, Ermənistan və Azərbaycanın biri-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması idi. İkincisi hər iki ölkənin delimitasiya prosesinin iki mühüm sənəd əsasında aparılması idi. Bunlar Birləşmiş Millətlər Təşkilatının sənədləri və 1991-ci ildə Alma-ata şəhərində imzalanan deklarasiyadır.
Nəhayət üçüncü ən əsas isə Aİ-nin regiona göndəriləcək missiyasının 2 aylıq mandatı və lazım olduqda Azərbaycan tərəfinin bu missiya ilə ünsiyyət qurması haqqında razılığın əldə olunmasıdır. Bu məsələni yada saldıqdan sonra biz biləcəyik ki, onlar niyə gəliblər və məqsədləri nədir”.
Parlamentari qeyd edib ki, missiya Aİ-nin mandatı və Azərbaycan-Ermənistan arasındakı razılığa əsasən gəlir:
“Onla Ermənistan tərəfindən prosesi müşahidə edəcək olsalar da, lazım gəldikdə Azərbaycan tərəfi ilə əlaqəyə girmək imkanına malikdirlər. Azərbaycan tərəfi də buna razılıq verib ki, lazımi təqdirdə müşahidəçi missiyası ilə əlaqə qura bilər. Ona görə də mən burada hansısa qeyri-adi bir məsələni görmürəm. Sadəcə erməni mətbuatı bunu yenidən, Aİ-nin Ermənistana birtərəfli dəstəyi kimi təqdim etməyə cəhd edir. Lakin bu heç də belə deyil. Tamamilə kollektiv bir məsələdir. Mən bu yazını oxuyan insanlara yalan məlumatlara inanmamağı tövsiyyə edirəm”.