“Bu təşkilat regiona missiya göndərməzdən əvvəl Azərbaycanla da məsləhətləşməli idi”
“Çünki onların missiyası müşahidəçilik üçün gəlirsə, təkcə bir tərəflə yox, hər iki tərəfin vəziyyəti ilə maraqlanmaldır”
Avropa İttifaqından sonra ATƏT-də Ermənistana missiya göndərmək qərarına gəlib. Bu təşkilat guya 30 il münaqişənin “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub. Bir dəfə işğal olunmuş ərazilərə missiya göndərməyib, fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pulları bölüşdürməsi, turist-qastrol səfərləri ilə kifayətlənib. Sual yaranır: Aİ missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var?
Çünki ATƏT-in missiya göndərməsi absurd addımdır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir. Onların özündə də daxildə bu missiya ilə bağlı yekdil fikir yoxdur və bu məsələ razılaşdırılmayıb. ATƏT, ümumiyyətlə, heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə “məşğul olublar”, nəticəsi göz qabağında. 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə “məşğul olublar”, amma bu gün oradada müharibə gedir.
Azərbaycan və Ermənistanın hər ikisinin ATƏT-in üzvü olduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, bu təşkilat regiona missiya göndərməzdən əvvəl Azərbaycanla da məsləhətləşməli idi:
“Çünki onların missiyası müşahidəçilik üçün gəlirsə, təkcə bir tərəflə yox, hər iki tərəfin vəziyyəti ilə maraqlanmaldır. Təktərəfli müşahidədə obyektivlik də olmur. Ona görə də ATƏT-in bu addımı xeyli suallara yol açır.
Digər tərəfdən də bu təşkilatın Minsk Qrupu 30 il ərzində heç bir fəaliyyətlə məşğul olmayıb. Vaxtilə biz onların qiymətləndirici missiyasını Ermənistan tərəfindən dəymiş ziyanı ölçməyə və müəyyən nəticələr çıxarmağa dəvət etmişdik. Amma bu missiya regiona gəlməmişdi.
Prezident İlham Əliyev də demişdi ki, “Minsk Qrupunun Həmsədrləri dağıdılmış ərazilərdən keçirdilər, lakin dağıntılara heç bir qiymət vermirdilər”. Bəs indi nə oldu onlar Ermənistan tərəfindən qiymət verməyə gəlirlər?
Bu hadisə bizi ATƏT-in nə dərəcə saxtakar qurum olduğu barəsində nəticə çıxarmağa vadar edir. Ermənistan isə missiya yarışına çıxıb və “nə qədər missiya gəlsə, onların xeyrinədir” mövqeyində dayanır.
Əslində isə bu missiyalar obyektivliyi saxlamaq üçündür. Birtərəfli missiyaların nə dərəcədə obyektiv olacağını isə biz yaxşı başa düşürük”.