Rusiya mətbuatı sifarişli məqalələr çap edir

Fuad Abbasov: "Komsomolskaya pravda"da gedən yazı böyük ehtimalla Ara Abramyan tərəfindən təlimatla yazılıb"

  Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir. “Pervıy kanal”ın efirində yayımlanan “Bolşaya İqra” tok-şousundakı təxribatdan sonra “Komsomolskaya pravda“ qəzetində də anti-Azərbaycan mövqeli məqalə nəşr olunub. "Paşinyan Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir” başlıqlı məqalədə, guya, Vaşinqtonun Moskvanın xəbəri olmadan İrəvanı təslim olmağa və “Artsax”dan imtina etməyə razı saldığı qeyd olunub. Əvvəldən axıra qədər Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan fikirlərin qeyd olunduğu məqalədə bir Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı Vaşinqtonun planının əks olunduğu sənəddən də bəhs olunub. Qeyd olunub ki, sənədə əsasən, "Qarabağ ermənilərinə hansısa statusun verilməsi nəzərdə tutulmayıb".

 Göründüyü kimi, “Komsomolskaya pravda“ Qarabağ ermənilərinin İkinci Qarabağ müharibəsinin yekununda gorbagor olan “status”unun dərdinə düşüb. Məqalədə Azərbaycan əleyhinə təxribatçı fikirlər bununla bitməyib. Müəllif Aleksandr Sergeyev məlum sənədin dərc olunmasının Ermənistanda və Qarabağda etiraz hərəkatında yeni dalğaya hələlik səbəb olmadığını və reallıqda bunun "Dağlıq Qarabağ"ın tamamilə Azərbaycanım yurisdiksiyasına keçməsi anlamına gəldiyini yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara Azərbaycanın Konstitusiyasına tam uyğun davranılacaq” bəyanatını xatırladan müəllif bir az da irəli gedərək “Qarabağda tezliklə bir nəfər də erməni qalmayacaq” kimi təxribatçı fikrini qeyd edib. Göründüyü kimi, dövlət tərəfindən maliyyələşən “Komsomolskaya pravda” qəzeti Rusiya dövlətinin, Kremlin Azərbaycanın ərazi bütövlüyünü tanıması mövqeyinə, Prezident Vladimir Putinin İkinci Qarabağ müharibəsindən dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və hər zaman belə olub” bəyanatına qarşı çıxıb. Buna Ermənistanda və Qarabağda ermənilərin kütləvi etiraz etməməsi isə “Komsomolskaya pravda”da təəccüb doğurub. Məqalənin ən maraqlı hissəsi isə Ermənistan Baş naziri Paşinyanın sülh sazişini tezliklə imzalamağa razılıq verməsindən bəhs olunduğu hissədir. Müəllif bildirir ki, əgər bu sənəd imzalansa, o zaman Cənubi Qafqazda tektonik katalizator olacaq. Deyəsən, Qarabağda separatçı toxumu səpənlər özlərini yavaş-yavaş büruzə verirlər. 

  Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Şərq"ə bildirib ki, “Komsomolskaya pravda” qəzeti heç bir halda Rusiyanın rəsmi mövqeyini bildirə bilməz. Ekspert bildirib ki, Rusiyanın indiki mətbuatı pul qarşılığında istənilən məqaləni nəşr etməyə və tirajlamağa hazırdır:

 “Komsomolskaya pravda”, "Moskovski komsomoleç", "Vedomosti", "Kommersant" və digərləri məqalələri sifariş üzərinə yayımlayırlar. Əgər belə bir məqalə Rusiyanın rəsmi media orqanında dərc olunsaydı, o zaman buna daha ciddi və dövlət səviyyəsində etirazımızı bildirərdik. "Komsomolskaya pravda"da gedən yazı böyük ehtimalla "Rusiya erməniləri İttifaqı"nın rəhbəri, Paşinyan əleyhdarı Ara Abramyan tərəfindən təlimatla yazılıb. Həmin məqalədə Azərbaycanın ərazi bütövlüyündən daha çox Paşinyan hökumətinin siyasətinin tənqid olunmasına yer verilib. Yazıda diqqət çəkilir ki, Paşinyan hökuməti Qarabağı Azərbaycana təslim etdi, qodarma "Artsax"ın "statusunu" qəbul etmədi, Vaşinqtondan gələn planların icrası ilə məşğul oldu və s. İstər Abramyanın, istərsə də Rusiyadakı erməni lobbisinin qarınağrısı Paşinyandır. 

Məqsəd baş naziri "vurmaqdır". Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Praqa görüşündə qəbul etdiyini açıqlasa da, erməni lobbisi, diasporası bunu qətiyyən qəbul etməyəcəyini vurğulayır. Yəni ermənilər ermənilərə qarşı rus mətbuatında mübarizə aparır".

  F.Abbasov bildirib ki, sözügedən qəzetlərdə Ermənistanın Azərbaycana qarşı təxribatları, terrorları, mülki insanların qətlə yetirilməsi, minaların basdırılması və başqa məsələlərlə bağlı yazıların dərc olunması yaxşı olardı: 

"Belə məqamları təkrar-təkrar rus ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Təəssüflər olsun ki, Rusiyada nə güclü diasporamız, nə də təsir imkanları geniş olan mətbuat orqanlarımız var. Ona görə də adekvat cavab verə bilmirik".