"Ermənistanın düşdüyü vəziyyət İranın iştahasını artırıb"



Aydın Hüseynov: "Maraqlısı budur ki, İran öz daxilindəki gərginliklərin səbəbini də Arazın bu tayında axtarır"

  İranın quru qoşunlarının Qərbi Azərbaycanda hərbi təlimləri davam etməkdədir. Təlimlər bölmələrin gecə əməliyyatlarına döyüş hazırlığının artırılması məqsədilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində də keçirilir. Bu yaşayış məntəqələri Türkiyə və İraqla sərhəddir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Araz çayı yaxınlığında keçirilən son təlimlərlə bağlı Azərbaycan rəsmiləri məlumatlandırılıb. O qeyd edib ki, İranın siyasi və hərbi rəsmiləri son hərbi təlimlər haqqında danışıb və onun məqsədlərini açıqlayıblar: "Təlimlər əvvəlcədən planlaşdırılıb və İran Silahlı Qüvvələrinin periodik təlimləri əsasında həyata keçirilir. Təlimlər əslində heç bir qonşu dövlətə qarşı yönəlməyib, qonşularla münasibətlərin inkişafı bizim üçün prioritetdir". Kənani vurğulayıb ki, ortaq sərhədlərin təhlükəsizliyi İran İslam Respublikası üçün strateji seçimdir: “Bu baxımdan İran təlimlərinin mesajını almalı olanlar, başqa sözlə desək, bu təlimlərin birbaşa auditoriyası olanlar təbii ki, mesajı aldılar və alacaqlar”. XİN rəsmisi qeyd edib ki, İran regional beynəlxalq sərhədlərin dəyişməməsinə, regionun geosiyasətinin sabitliyinə təkid edir. 
  Millət vəkili Aydın Hüseynov bildirib ki, İran hakimiyyətinin Ermənistan sevgisi heç kimə sirr deyil. Parlament üzvü deyib ki, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və nəhayət, post-münaqişə dövründə bununla bağlı çoxlu sayda nümunələr var. Hər iki müharibə dövründə Ermənistana mütəmadi hərbi və iqtisadi yardımlar edilib. Bu ölkəni dəstəkləyən açıq siyasi bəyanatlar verilib: "Görünən odur ki, İranın erməni sevgisi, onun Azərbaycan əleyhinə sistemli fəaliyyəti ilə paralel inkişaf edir. Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilməyən İran Ermənistana hərtərəfli dəstəyini artırır. Qafanda konsulluq açan İranın Xarici işlər naziri Abdullahianın “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq” sözləri, ticarət dövriyyəsinin artırılması vədləri göstərir ki, Ermənistanın düşdüyü vəziyyət İranın iştahasını qabardıb". 
  Deputat vurğulayıb ki, İran Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi vəziyyətdə özünə yer etmək istəyir: "İran buna Azərbaycanı hədəf alaraq nail olmaq istəyir. İşğalçı siyasətinin bədəlini ağır şəkildə ödəyən Ermənistan isə “dənizdə boğulan ilana sarılar” məsəlində olduğu kimi İrana meydan verir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bir dəfə də olsun Araz çayı ətrafında hərbi təlim keçirməyən İran indi bunu ənənəyə çevirib. Müxtəlif səviyyəli rəsmilər də açıqlamalarında bu təlimlərin Azərbaycana qarşı olduğunu gizlətmirlər. Maraqlısı budur ki, İran öz daxilindəki gərginliklərin səbəbini də Arazın bu tayında axtarır. Uşaqları, qızları qətlə yetirməklə daxildəki etirazların qarşısını ala bilməyən Tehran hakimiyyətinə indi bütün bunların “günahkarı” olan xarici bir “düşmən” lazımdır. Görünən odur ki, İran hakimiyyətini Ermənistanla təkcə Azərbaycanın güclənməsini həzm etməmək  birləşdirmir. Uşaq qatilliyi, zorakılıq kimi ortaq xüsusiyyətləri də var".