Partiyaların minimum 10 min üzvü olmalıdır



47 siyasi partiyadan 250-yə qədər təklif gəlib

Parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib


  Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edib. İclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb. Vitse-spiker, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli yeni qanun layihəsinin hazırlanmasını vacib edən amillərdən danışıb. O deyib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən 20 ölkənin təcrübəsi öyrənilib: "Mövcud qanun 30 il bundan əvvəl qəbul edilib. 30 ildə Azərbaycan dəyişib, məğlub Azərbaycan qalib Azərbaycan statusuna yüksəlib, beynəlxalq münasibətlər sistemində söz sahibi olub. Bütün bu zərurət yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verdi. 

Hüquqi cəhətdən Azərbaycan Avropa məkanının tərkib hissəsidir. Ona görə Avropa məkanında olan qabaqcıl ölkələrin qanunlarına baxıldı. Bu qanun layihəsi də Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınmaqla hazırlandı. İlk söykəndiyimiz mənbə Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi tövsiyələrdir. Bundan başqa, ekspert komissiyası yaratdıq və 20 ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənildi və araşdırıldı. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynadı. 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Təklifləri qruplaşdırıb, təhlil etdik". Fəzail İbrahimli deyib ki, yeni qanun layihəsi ilə bağlı növbəti dinləmə təşkil ediləcək: "Həmin dinləmə başqa formada həyata keçiriləcək və bu dinləmədə sizdən alınan təkliflər də nəzərə alınacaq". 

"Bəziləri irad bildirir ki, həddən çox tənzimləməyə gedilir"

  Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bu illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişdiyini diqqətə çatdırıb: “Mövcud qanuna məhz VI çağırış parlamentin fəaliyyəti dövründə mühüm dəyişiklik edilib, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddə dəyişib. Siyasi partiya anlayışı, partiyaların təsis edilməsi, partiyaların maliyyələşməsi və s. kimi məsələlər qanunvericilikdə konkret şəkildə göstərilməlidir. Siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsi bütün ölkələrdə dilemma yaradır. Demokratik cəmiyyət üçün məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapıb. Buna uyğun olaraq yeni qanun layihəsində olan məhdudiyyətlər də özünü göstərir. Bugünkü müzakirələrdə səslənəcək fikirlər, hətta söylənəcək iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı qanunvericiliyinin hazırlanmasına öz töhfəsini verəcək”. Ə.Hüseynli vurğulayıb ki, ən çox narazılıq yaradan ikinci fəsildir: "Bəziləri irad bildirir ki, həddən çox tənzimləməyə gedilir. Amma balans qorunmalıdır. Bu balans qorunmasa, Venesiya Komissiyasının tövsiyələrinə də uyğun olmaz. Bu qanun layihəsi yeni hazırlanıb, Venesiya Komissiyasının rəyinə istinad olunub. Bütün ölkələrlə bağlı Venesiya Komissiyasının rəyləri ilə tanışıq. O rəydə Azərbaycanla bağlı mənfi rəy bildirilib. Venesiya Komissiyasının Moldova ilə bağlı da rəyi var. Digər ölkələrə münasibətdə Venesiya Komissiyası fərqli mövqe sərgiləyir". 

"Konstitusiyaya görə, qanunun geriyə şamil olunma qüvvəsi yoxdur"

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiya təsisçilərinə dair məhdudiyyəti düzgün saymayıb: "Bəlli bir qrup var ki, nə edirsən et, yanaşmaları budur ki, siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qanun qəbul edilir. Qanun layihəsindən yalnız 20 il Azərbaycanda yaşamış şəxsin Azərbaycanda siyasi partiyanın təsisçisi ola biləcəyi ilə bağlı müddəa çıxarılmalıdır. Bu, Konstitusiyaya ziddir". Partiya sədri qanun layihəsində keçid müddəasına əsasən, yeni tələblərin hazırda dövlət qeydiyyatına alınmış partiyalara da şamil olunmasını düzgün saymayıb: “Konstitusiyanın 149-cu maddəsinə əsasən, layihədəki 30.1-ci maddə də Konstitusiya ilə ziddiyyət təşkil edir. Çünki Konstitusiyaya görə, qanunun geriyə şamil olunma qüvvəsi yoxdur. Siyasi partiyaların seçkilərdə iki dəfə iştirak etməməsi ilə bağlı maddə də çox müzakirə olunur. Bu, əslində siyasi partiyaların hərəkətliliyi təmin edilməyə hesablanır. Çünki siyasi partiyanın namizədinin qeydə alınmaması məsələsi var. Bu halda da partiya seçkilərdə iştirak etmiş sayılmalıdır. Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə, siyasi partiyaların namizədlərinin qeydiyyata alınması ilə bağlı məsələ sadələşdirilməlidir. Bir şəxsin neçə siyasi partiyaya üzv olması məsələsini də siyasi partiyaların dəqiqləşdirmək imkanı yoxdur. Bu da daha çox mənəvi məsələdir, nəinki hüquqi. Dövlət qulluqçularının siyasi partiyalara üzv olması məsələsinə də diqqət çəkmək istəyirəm. Dövlət qulluqçuları siyasi vəzifə tutursa, bu hüquq ona tanınmalıdır. İnzibati vəzifə tutan dövlət qulluqçularına isə siyasi partiyaya üzv olmaq qadağan edilməlidir”.

"Partiyalardan gələn təkliflər qruplaşdırılıb..."

  Deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib ki, siyasi partiyaların fəaliyyətinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra icazə verilməsi təklifi 5 partiya tərəfindən irəli sürülüb: “İndiki qanun layihəsində bu, daha da konkretləşdirilir və siyasi partiyalar hüquqi şəxs olmalıdır tələbi qoyulur. Bu, Venesiya Komissiyasının tövsiyə sənədlərində də yer alır. Dövlət maliyyə yardımının xərclənməsinə nəzarətin Hesablama Palatası tərəfindən aparılması təklif edilib. Bazar qiymətindən aşağı olan hər hansı mülkün ianə sayılması Ana Vətən Partiyası tərəfindən irəli sürülüb və qanun layihəsində yer alıb. Milli Cəbhə və digər bir neçə partiya siyasi partiyalarla bağlı işlərə Apelyasiya Məhkəməsində baxılmasını təklif edib. Digər təklif seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlıdır. Bəziləri bunu partiyanın 2 dəfə seçkilərdə iştirak etmədikdə, bəziləri isə 3 dəfə iştirak etmədikdə ləğv olunması təklifi ilə çıxış edib. Bəziləri ardıcıl 2 parlament seçkilərində iştirak etmədikdə, bəziləri isə həm parlament, həm bələdiyyə seçkilərində iştirak etmədikdə siyasi partiyaların qeydiyyatının ləğv edilməsini irəli sürüb. Qanunvericiliyi pozaraq, qəbul edilən ianələrin dövlət büdcəsinə qaytarılması təklifi ilə Sosial Rifah Partiyası çıxış edib. Mühüm məsələlərdən biri yaşama müddətinə dair məhdudiyyətlərlə bağlıdır. Azərbaycan Yüksəliş Partiyası bunu 5 il, REAL Partiyası daimi, bəzi partiyalar 15 il yaşama müddətinin qoyulması təklifləri irəli sürüb. Partiyaların təsis olunduqdan sonra hüquqi qeydiyyata alınana qədər bəlli zaman keçməsi təklifi də qanunda əksini tapıb. Partiyalar 2 mərhələdə qeydiyyata alınacaq. Siyasi partiyalar adından digər təsisçilər tərəfindən iddialar irəli sürülməməsi ilə bağlı təkliflər də var. Gerçəkdən də bu məsələ ilə bağlı müxtəlif vaxtlarda Azərbaycanda belə problemlər ortaya çıxıb. Siyasi partiyaların rəhbərlərinə toxunulmazlıq verilməsi təklifi də irəli sürülüb. Siyasi partiyaların rəhbərlərinə diplomatik pasportların verilməsi təklifi ilə AĞ Partiya və digər partiyalar çıxış edib”.

"Siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq"

  Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qanunvericiliyə oliqarxların siyasi fəaliyyətinə dair məhdudiyyət təklif edib. Sədr bildirib ki, birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçdiyimiz üçün xarici ölkələrin təcrübələrini öyrənirik: “Təmərküzləşməyə ehtiyac yaranıb. Qərbdə bu proses tədricən gedib. Lakin son illər bir şey çox ciddi dəyişib. Ənənəvi partiyalar, ənənəvi sistemlər artıq rəqəmsal dünyada öz gücünü itirib. İtaliyada seçkiləri misal kimi gətirə bilərəm. 1 il əvvəl yaranan partiya seçkilərdə qalib gəlib hökuməti formalaşdırır. Artıq ənənəvi partiyalara inam itib. ABŞ-da 400 siyasi partiya var, seçkilərdə ikipartiyalı mübarizə gedir. Bu, yerlərdə formalaşan ənənələrdən gəlir. Ancaq son illər postsovet ölkələrində müşahidə etdiyimiz budur ki, ölkənin siyasi sistemini xarici təsirlərdən qorumağa ehtiyac var. Ukraynada Medvedçuk var idi. Digər ölkələrdə də bu ixracları, oliqarxları gördük. Düşünürəm ki, xaricdən olan təsirlərin qarşısını almaq üçün öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq. Xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir. Biz bunu Fransa parlamentinin fəaliyyətində, ABŞ Konqresində görürük. Bu, müşahidə edilərək aşkar olunmalıdır. Yaxud da hazırda biz yeni qanunu müzakirə ediriksə, qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olmalıdır. Bizim bir təklifimiz də xalqın adından siyasi partiyanın danışması ilə bağlıdır”.

“Elə adam var ki, 5 partiyanın üzvüdür” 

  Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bildirib ki, partiyaların nə qədər üzvünün olduğunu bu qanundan sonra görəcəyik: "Bunu nəyə görə deyirəm. Bəzi adamlar var ki, cibində bir neçə partiyanın vəsiqəsi var.  Eyni anda 5 partiyanın üzvüdür. Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Həmin adamları YAP-ın tədbirində, həm də Müsavatın tədbrində görürük. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”.

  Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, təsis edilən partiyanın 10 min üzvü olması ilə bağlı təklif verən partiyalardan biri Milli Cəbhə Partiyasıdır. O bildirib ki, hər bir siyasi partiyanın 10 min üzvünün olması 10 min Azərbaycan vətəndaşını fəallaşdırmaq deməkdir: “Bəs “200-300 min üzvümüz var” deyən partiyalar 10 min üzvünün adını yığıb verə bilməyəcək?”. 

"Bu fəallıq qüvvədə olan qanunvericiliklə adekvat deyil"

  Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanda 90-cı illərdən fərqli olaraq siyasi partiyaların siyasi sistemdə fəallığının kifayət qədər artdığı qənaətindədir: “Bu fəallıq qüvvədə olan qanunvericiliklə adekvat deyil. Ölkədə aparılan siyasi islahatların tərkib hissəsi kimi partiyaların yeni konfiqurasiya prosesində fəal iştirakı labüddür. Bu zəruri amillərə söykənərək təqdim olunmuş yeni qanun layihəsi təkmilləşdirilib”.