Zaman yetişib! - Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə daşınmalıdır


"Gürcüstanın cari xarici siyasət kursunu ölçülmüş duruş izləyir, lakin regional təhlükəsizlikdəki dayandığı nöqtənin bərkidilməsi üçün əlavə tədbirlərə ehtiyac var"

  Azərbaycan Prezidenti İlham Əliyev dünən Gürcüstana işgüzar səfər edib. Dövlət başçısı ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib. Liderlər Azərbaycan-Gürcüstan arasında ikili əlaqələri və regional bir çox məsələni müzakirə ediblər. Azərbaycan Prezidenti Qaribaşvilini Ermənistanla sülh danışıqlarına dair məlumatlandırıb. Qeyd olunub ki, Qarabağ münaqişəsi başa çatdıqdan sonra Ermənistana 5 əsas prinsipdən ibarət təklifləri təqdim edib. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıq da baş tutub. Daha sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər. 

Ekspertlərin fikrincə, prezidentin Gürcüstana səfəri son hadisələr fonunda diqqət çəkir. Məsələ ondadır ki, İran Zəngəzur dəhlizinin açılmaması istiqmətində əlindən gələni edir. İranın Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidi, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlaması, Qafanda konsulluğun binasını açmaq da bunu təsdiqləyir. Son olaraq Zəngəzur dəhlizinə alternativ “İran-Ermənistan-Hindistan” yolunun çəkilməsinə dair müzakirələr Bakını konkret addımlar atmağa vadar edir. Tehran və İrəvan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Bu istiqamətdə Hindistanla təmaslar qurulub. Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması hazırda başlıca prioritetdir. Bundan başqa dəhlizin açılmasında böyük güclərin də maraqları var. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi postsovet məkanının başı üzərindəki təhdidlərin bir parçasını ərazi münaqişəsindən əziyyət çəkən Gürcüstana fokuslayır. Analitikə görə, Gürcüstanda davam edən konfliktlər bu ölkəni Rusiyanın manipulyasiyası və təzyiqləri qarşısında aciz qoyur: 

"Gürcüstandakı erməni faktorunun alışan çəllək həddinə çatması mümkündür ki, bu da Azərbaycan üçün qeyri-məqbul senaridir. İran Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələri ideoloji axınla “zəhərləmək” niyyətini işə salıb ki, bu da Bakını narahat edən faktorlar siyahısında yer alır. Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığının müttəfiqlik zəmininə çatması üçün zaman yetişib. Tbilisi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində vasitəçilik niyyətindədir. Lakin bu, Gürcüstanın şəxsi təşəbbüsü yox, Qərbin onun qarşısında qoyduğu təlimatlar “kitabçasının” ruhundan irəli gəlir. Gürcüstan Rusiya və Qərblə münasibətlər sistemində balanslı akta ehtiyac hiss edir. Tbilisi bunun üçün yaxşı nümunəyə, yəni Azərbaycanın xarici siyasət modelinə müraciət edir və Əliyevin qənaətlərini öyrənir. Rusiyanın da, Qərbin də Tbilisi üzərində əhəmiyyətli təsir rıçaqlarını saxlamaq üçün kəsişən maraqları Azərbaycan və Türkiyənin Kreml-Gürcüstan əlaqələrinin normallaşmasında birgə tarazlaşdırıcı mövqe tərtib etməsinə rəvac verir. Azərbaycan və Türkiyə Gürcüstana Rusiyadan artan təzyiqlərin azaldılması və Tbilisinin təhlükəsizlik çətiri altında saxlanılması üçün səylərini əsirgəmirlər. 
  Bunun səbəbi Gürcüstan Azərbaycanla Türkiyə arasındakı enerji və Bakı-Tbilisi-Qars dəmir yolu arteriyasını təmin edən tranzit ölkə olmasıdır. Gürcüstanda yaşayan azərbaycanlılar amili Bakı və Ankara üçün bu ölkəyə münasibətdə etnik müstəvi üzrə vahid proqram hazırlamaq prioritetlərini təqdim edir". 

  Ekspert vurğulayıb ki, Gürcüstandakı erməni amili Rusiyanın etnik münaqişələr senarisinin icrası üzrə təhlükəli kartdır:

 "Düzdür, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə etnik erməni kartına olan simpatiyasını hiddətlə əvəzləyib. Hazırda Moskva Bakı ilə əməkdaşlığı daha üstün tutaraq İrəvanı təcriddə boğur. Bununla belə, etnik mövzular Rusiya dövlət siyasətinin mahiyyətindən uzaqlaşmayıb. İndi ən həssas regionlardan biri də məhz Gürcüstandır. Erməni kartının aktivləşməsi Cənubi Qafqaz regionu üçün əlavə problemlər yaradan zəncirin bir həlqəsinə çevrilə bilər. Lakin dövlət başçısı İlham Əliyev bunun qarşısını almaqdan ötrü Tbilisi ilə sıxlaşan dialoqların konkret nəticələr bərqərar etməsinə üstünlük verməkdədir. Digər yandan Azərbaycan həm öz təşəbbüsləri, həm də Türk Dövlətləri Təşkilatının prinsiplərindən irəli gələrək dünya üzrə səpələnən azərbaycanlıların hüquqlarının müdafiəsini öz siyasətinin mərkəzinə proyeksiya edir. Bu mənada, İranın Gürcüstandakı azərbaycanlıların potensialından öz xeyrinə yararlanmaq cəhdlərinin arxasında yaxşı niyyətlər durmadığını həm Bakı, həm də Ankara gözəl bilir. Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər qrafikində həllini gözləyən çağırışlar dayanmaqdadır. Ona görə də ölkə rəhbəri regionda təhdidlərin çoxalması fonunda qonşu və strateji tərəfdaş Gürcüstanla həmin gündəliyi gündəmə gətirir".

  A.Kərimova görə, ən böyük hədəflərdən biri Bakı-Tbilisi strateji tərəfdaşlığını Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli müttəfiqlik səviyyəsinə çatdıracaq fikirlərin inkişaf etdirilib nəticə hasil edilməsidir: 

"Tbilisi reallaşması planlaşdırılan Zəngəzur dəhlizinə qoşulmaq qərarını açıqlamaqla Azərbaycan-Türkiyə-Gürcüstan damarına töhfə verə bilər. Qərb, xüsusilə də ABŞ Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır. Vaşinqton bəzi oyun qaydalarında özünü göstərmək meylindən uzaqdır və pərdə arxasından qurulan tamaşaya rejissorluq etmək qabiliyyətlərinə malikdir. 
  Bu mənada ABŞ Gürcüstan vasitəsilə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında maraqlarını təmin etmək və Moskvanı prosesdə neytrallaşdırmaq məqsədlərini güdür. Gürcüstanın cari xarici siyasət kursunu ölçülmüş duruş izləyir, lakin regional təhlükəsizlikdəki dayandığı nöqtənin bərkidilməsi üçün əlavə tədbirlərə ehtiyac var. Dövlət başçısı İlham Əliyevlə Qaribaşvilinin müzakirə predmetinin mövzuları həmin istiqamətlər üzrə yeni planların hazırlanması üçün xoşməramlı niyyətin ifadə edilməsi anlamını daşıya bilər".