İrəvanda "Moskva", "Kreml" qışqıranların sayı azalır

Erməni toplumu onlara "dövlət" bəxş etmiş Rusiyanı çox qısa müddətdə satdı, xəyanət etdi

  Ermənistanda Rusiya əleyhinə çıxışlar artmaqdadır. Tanınmış erməni siyasi analitik Samvel Aqanesyan “Pressinq” verilişinin efiri zamanı deyib ki, artıq Rusiya keçmiş olur. Onun sözlərinə görə, Ermənistanda “Moskva”, “Kreml” qışqıranlar azalıb: "Hamı anlayır ki, Rusiya çökür və özü ilə birlikdə Belarusu və Ermənistanı da batıracaq. Bir müddət sonra Rusiya özü Ermənistandan ordusunu çıxaracaq. 

102-ci baza da gedəcək, sərhədlərimizi qoruyan silahlı qüvvələri də. Bəs sual yaranır, ruslar getsə, Ermənistanın sərhədlərini kim qoruyacaq? Əslində guya rus ordusu bizim sərhədləri qoruyurdu ki? Onların işi pakistanlı sərhəd pozucularını tutmaqdan ibarət idi, vəssalam. Bizim artıq yeni imkanlarımız var – Hindistan və yaxud İran. İnanın mənə ki, İrəvan sorğu göndərsə, Tehran Ermənistan sərhədlərini qorumağa razı olar, çünki bu, onların da planlarına uyğun olacaq”. 

Erməni politoloq Razmik Akopcanyan da deyib ki, Rusiya məğlubiyyət yolundadır, bundan sonra dünya tamam başqa cür olacaq. Onun fikrincə, Ermənistan indi Rusiyaya qarşı çıxanlarla dost olmalıdır: "Ukrayna ordusunun cəbhədəki uğurları hər şeyi kökündən dəyişdi. Bu təkcə Avropada deyil, Mərkəzi və Orta Asiyada da müşahidə olunur. Və hər kəs yeni tərəfdaşlar seçir. Biri Çinə, Hindistana, biri Türkiyəyə yönəlir. Yəni bu gün bütün dünya Putindən sonrakı mərhələyə - Rusiyanın zəifləməsi dövrünə hazırlaşır". Akopcanyanın sözlərinə görə, Ermənistan da bu yolla getməkdən çəkinməməlidir: "Putinin Rusiyası keçmişdir və biz gələcək haqqında düşünməliyik. Hansısa mərhələdə Ermənistan hətta Türkiyə və Azərbaycanla da eyni qayığa düşə bilər. Böyük siyasətdə belə olur. Rusiyanın qaçılmaz məğlubiyyətindən sonra dünyada hər şey başqa cür olacaq".

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda düşünməyə başlayanların sayı artıb. Professor bildirib ki, reallığı dərk edən ermənilər gördülər ki, yüz illər boyunca erməni kilsəsi və terror təşkilatlarının öz maraqlarını təmin etmək, ianə toplamaq və parazit kimi yaşamaq üçün gündəmə gətirdikləri "Böyük Ermənistan" iddiası cəmi 44 gündə darmadağın edildi:

 "Azərbaycan Ordusu çox qısa zamanda yüzillik mifləri elə formada dağıtdı ki, ermənilər həm "Böyük Ermənistan" ideyasının puç olduğunu dərk etdilər, həm də torpaqlarımız hesabına yaradılmış kiçik Ermənistanın təhlükəli yol yürüdüyünü görməyə başladılar. Erməni ekspertlərin fikirləri müəyyən mənada reallıqları əks etdirir. Ölkənin televiziya kanallarında, mediada çıxış edən analitiklər Ermənistan dövlətinin taleyindən nigaran olduqlarını, dövlətçiliyi düşündüklərini söyləyirlər. Ancaq məsələ ondadır ki, indi barəsində danışdıqları "dövləti" onlar üçün qurub-yaradan məhz Rusiya olub. Əvvəl çar imperiyası, sonra SSRİ Azərbaycanın tarixi torpaqlarını ermənilərə peşkəş çəkərək "Ermənistan dövləti" qurublar. Bəs indi nəyi görürük? Erməni toplumu onlara "dövlət" bəxş etmiş Rusiyanı çox qısa müddətdə satdı, xəyanət etdi. Ermənilərin dəfələrlə təkrarlanmış satqınlığı Rusiya üçün dərs olmalıdır".
  C.Nuriyev vurğulayıb ki, Tehran heç vaxt Ermənistan sərhədlərini qorumayacaq. Ancaq rus ordusunun çıxmağını ona görə istəyirlər ki, Ermənistan üzərindən narkotrafiki sərbəst şəkildə davam etdirsin: "Qərblə arası yaxşı olmayan, sanksiyalara məruz qalan İranın Ermənistanı hansı məqama kimi, hansı səviyyədə qoruyacağı özü şübhəlidir. Tehran hökuməti öz maraqları çərçivəsində addımlar atır. Hindistanın heç özünə faydası yoxdur. 1 milyard 400 min əhalisi olan, nüvə silahına sahib Hindistan 210 milyon əhaliyə malik Pakistan qarşısında demək olar ki, aciz qalıb. Ara-sıra Ermənistana silah, hərbi texnika yardımı etsə də, rəsmi Dehlinin İrəvana daim siyasi-hərbi dəstək verəcəyi inandırıcı deyil. Ötən əsrdən qalmış köhnə rus hərbi texnikası ilə silahlanmış ölkələr müasir silah-sursatlarla təchiz olunmuş Azərbaycan və Türkiyə orduları qarşısında tab gətirə bilməz. İranın son dönəmdə düşdüyü vəziyyət, xarici-daxili problemləri hamıya bəllidir. Hindistanın isə döyüşmək təcrübəsi, müharibə uğurları yoxdur. Özü iki yüz ilə yaxın Böyük Britaniyanın nökəri olub. İran da türklərin nökəri olub. Nökərin təhlükəsizlik üçün başqa bir nökərə müraciət etməsi gülünc və absurddur".