Kremldən gələn təxribatlar


Azərbaycan toplumunda Rusiyaya qarşı etimadsızlıq dərinləşir

Dövran dəyişib, artıq rus siyasətçilər də, rus mediası da ölkəmizə münasibətdə korrekt olmalıdır

  Rusiyanın "Birinci kanal"ında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən açıq-aşkar anti-Azərbaycan çıxışlar səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb və dövlət xəritəsi təhrif edilib. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilib. 

Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər. 

Səfirlik nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiyanın rəsmi mövqeyinə ziddir. Həmçinin, regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir. Qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür. 

Təəssüflə vurğulanıb ki, sözügedən tok-şounun aparıcısı “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığına, ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir. Ona görə də Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
  Onu da xatırladaq ki, Rusiyanın “Birinci kanal” və “Komsomolskaya pravda” qəzetindən sonra anti-Azərbaycan təxribatı “marafonu”na “Rossiya24” xəbər kanalı da qoşulub. Kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə erməni əsilli ekspertlərin iştirakı ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması müzakirəyə çıxarılıb. Qarabağın Azərbaycanın tərkibində qalmasının "mümkünsüzlüyü" qeyd olunub. 

  “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal "Şərq"ə deyib ki, artıq Azərbaycan Rusiyanın müxtəlif dairələrindən, deputatlarından, siyasətçilərindən, media resurslarından ölkəmizə qarşı təxribatçı çıxışlara, ermənipərəst mövqelərə öyrəşib. Baş redaktora görə, bəlkə də belə yanaşmalara toplumumuzda immunitet yaranıb: 

"Baxmayaraq ki, ilin əvvəlində Azərbaycanla Rusiyanın münasibətləri rəsmən müttəfiqlik münasibətləri kimi elan olunub. Ancaq Azərbaycan demək olar ki, bu müqaviləyə ciddi yanaşır. Bu aspektdə iki məqamı örnək göstərmək istəyirəm. Astanada MDB dövlət başçılarının sammitində Rusiya Prezidenti Vladimir Putinə qarşı bir sıra dövlət başçılarının qeyri-səmimi, bəzən də saymazyana münasibəti ortada idi. Bunu elə Paşinyanın simasında da gördük. Lakin Azərbaycan Prezidenti həmin sammitdə Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, həmçinin, sonuncu insidentdə atəşkəsin əldə olunmasında xüsusi rolunu qeyd etdi. Ermənistan isə Rusiyanın iradəsinə və maraqlarına zidd olaraq Qərb müşahidə missiyasını ölkəyə dəvət edib. Rusiya mediasının və rus siyasətçilərinin bədbəxtliyi bu həqiqətləri görə bilməməkdir.
  Digər tərəfdən, görürük ki, Ukrayna ilə müharibədə Belarus istisna olmaqla, heç bir MDB, hətta KTMT ölkəsi Rusiyanın yanında olmadı. Bu, Rusiyanın indiyədək onu əhatə edən ölkələrə qarşı Jirinovski düşüncəsi ilə yanaşmasının və Jirinovski dili ilə danışmasının nəticəsidir. Bu baxımdan, indi və bundan sonra Rusiya siyasətçiləri də, mediası da Azərbaycana münasibətdə korrekt olmalıdırlar. Əks halda Azərbaycan toplumunda mövcud olan etimadsızlıq daha da dərinləşəcək".