Kreml əfv etməyəcək

KTMT-dən uzaqlaşmaq Paşinyana baha başa gələcək

"Ermənistan ikinci Ukrayna deyil ki, Rusiya ilə qarşı-qarşıya gəlsin. Qərb Ukraynaya göstərdiyi dəstəyi Ermənistana göstərməz, çünki coğrafiya çox fərqlidir"


  Oktyabrın 25-də İrəvanda parlamentin dörd günlük növbəti sessiyası başlayıb. “Hraparak” yazıb ki, dörd günlük sessiya zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına dair dinləmələr keçiriləcək. Ötən gün “KTMT-dən Çıxma Assosiasiyası”nın təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana təklif ünvanlayıb. Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb. Nəşrin xəbərinə görə, bir neçə həftə əvvəl təşəbbüs qrupu üzvləri Andranik Koçaryanla qapalı görüş keçirib. Koçaryan onları prosesin başlayacağına əmin edib.

Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın KTMT-dən çıxmağa cəhd edəcəyi hələ Nikol Paşinyan hakimiyyətə gələndə proqnoz edilirdi. Ekspert vurğulayıb ki, 44 günlük müharibə dövründə Paşinyanın KTMT-nin onlara kömək etməyəcəyini bildiyi halda israrla quruma müraciət etməsinin səbəbi təşkilatı gözdən salmaq idi: 

"Artıq bunu açıq elan edirlər. Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Beynəlxalq aləmin Rusiyaya qarşı  münasibəti də bəllidir. Ona görə Ermənistan hesab edir ki, KTMT-dən çıxmasına Rusiya ciddi reaksiya göstərməyəcək. Ancaq İrəvan öz hesabında yanılır. Rusiya nə qədər zəifləmiş kimi görünsə də, Ermənistana təzyiq rıçaqlarını saxlamaqdadır. Ermənistan ikinci Ukrayna deyil ki, Rusiya ilə qarşı-qarşıya gəlsin. Qərb Ukraynaya göstərdiyi dəstəyi Ermənistana göstərməz, çünki coğrafiya çox fərqlidir. Ukrayna Avropanın "qapısında" yerləşir, Ermənistan isə heç yerə qapısı olmayan qapalı ərazidir. Bu baxımdan Ermənistana ətraf ölkələrin razılığı olmadan heç kim silah yardımı göstərə bilməz. Sadəcə, İranın yardım etməsini gözardı etmək olmaz. Hindistan, İran, Ermənistan marşrutu hər zaman aktualdır. Bu marşrutla silah daşınması mümkündür. Amma bunun nəyisə dəyişmək gücündə olması qeyri-ciddi məsələdir. Əsas məsələ ondadır ki, nə qədər silahı olsa da, Ermənistan əhalisinin sayı və əsgər potensialı məlumdur. Ermənistanın gələcəyə doğru planlar çızmasında perspektiv yoxdur. Absurd qərarlarla Ermənistan özünü daha da dalana dirəmiş olacaq, çıxılmaz vəziyyətə düşəcək".

  Analitik vurğulayıb ki, KTMT-dən çıxmaq nəzəri baxımdan çətin iş deyil və hüquqi prosedurun bir il müddətində reallaşması mümkündür:

 "Gürcüstan misalında bunu görmüşük. Ermənistan parlamentinin riskli qərarının nə ilə nəticələnəcəyi çox maraqlıdır. Hesab etmək olar ki, Rusiya bu durumda ilk növbədə Ermənistanın qaz təminatını kəsəcək. Bütün borclarını tələb edəcək. Borcları Qərb ödəsə belə, qaz təminatının təmin edilməsi qeyri-mümkündür. Ermənistan əhalisi və iqtisadiyyatı qısa zamanda çıxılmaz vəziyyətə düşə bilər. Təbii ki, bunlar Ermənistan üçün ən "yaxşı" variantlardır. Əsas təhlükə Rusiyanın Ermənistanda çevriliş etməsi, oradakı ordusunu hərəkətə gətirməsidir".