Əli Əhmədov: "Dünyanın gələcəyini xilas etmək üçün bir sıra təşəbbüslər həyata keçirilməlidir"

“Bütün ölkələr, cəmiyyətlər, icmalar aydın şəkildə dərk etdilər ki, dünyanın gələcəyini xilas etmək üçün bir sıra təşəbbüslərin həyata keçirilməsi istiqamətində səylər artırılmalıdır”.
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü konfrans dünyanın, bəşəriyyətin gündəmini zəbt etmiş ən vacib problemlərdən biri olan yaşıl transformasiya məsələsinə həsr edilib: “Bəşəriyyət öz inkişafının yeni pilləsinə çatıb. Bununla əlaqədar olaraq dünyanın gələcəyi ilə bağlı müxtəlif beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr içərisində 2030-cü ilə qədər dünyamızın transformasiyası adlı layihə mühüm əhəmiyyət kəsb edir. Dünyanın gündəmini bir müddət pandemiya, Ukraynada baş verən hərbi toqquşmalar kimi məsələlər zəbt edib. Bu kimi hallar beynəlxalq layihənin həyata keçirilməsinə bir sıra əngəllər törətdi”.
“Düşünürəm ki, Azərbaycan da sözügedən layihəyə öz töhfəsini verəcək və layihənin lazımi şəkildə həyata keçirilməsi üçün öz dəstəyini əsirgəməyəcək”, - Ə.Əhmədov vurğulayıb.