Sergey Lavrov erməni yanğısını göstərib


Qarabağda status məsələsi olmayacaq
Bizim hansı xəritələrlə işləyəcəyimiz bəllidir
  Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Rusiya xarici işlər naziri Sergey Lavrovu tənqid edib. Onun sözlərinə görə, Sergey Lavrov Azərbaycanla bağlı çıxış edərkən erməni yanğısını göstərib: "Ötən gün Rusiya xarici işlər naziri danışdı, o boyda dövlətin naziri erməni yanğısı ilə fikir bildirdi. Gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, bu, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib. Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır. Lavrov bununla belə, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə variantı da xatırladıb. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına gəlincə, Lavrov deyib ki, Rusiya Baş Qərargahında sərhədlərə dair xəritələr var. Rusiya bu xəritələri verməlidir. Xəritəniz var, verin də, niyə saxlayırsınız? Bu xəritələrin oğurluq hadisəsi kimi gizlədilməsi nə deməkdir? Qarabağda status məsələsi yoxdur, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, status olmayacaq. Bizim hansı xəritələrlə işləyəcəyimiz bəllidir”, - deputat qeyd edib. Deputat onu da qeyd edib ki, Rusiya Xarici işlər və Müdafiə nazirlikləri Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxışlar edirlər.
  Deputat Fəzail Ağamalı da bildirib ki, Rusiya Azərbaycana qarşı siyasət yürüdür. Bir tərəfdə Putinin imzası olan üçtərəfli bəyanat, ikinci tərəfdə Lavrovun Azərbaycana qarşı bəyanatları var. Rusiya sülhməramlı qüvvələrinin komandanı elə səlahiyyətli adam deyil ki, özbaşına hərəkət etsin. Əslində, onlar sülhməramlı deyil, erməniyanlı qüvvələrdir. Biz Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq". F.Ağamalı İranın Fransa kimi Azərbaycana qarşı əks-təbliğat kampaniyasının davam edəcəyini də vurğulayıb.