Saakaşvili hələ də ciddi fiqur sayılır

Bu səbəbə görə ölüm ayağında olsa da, onu hələ azadlığa buraxmağa tələsmirlər

  Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkilləri Tbilisi şəhər məhkəməsində vəsatət qaldıraraq onun dərhal azadlığa buraxılmasını tələb ediblər. Vəkillər məhbusun həbslə bir araya sığmayan sağalmaz xəstəliklərinin olduğunu vurğulayıblar, səhhətinin hər gün pisləşdiyini deyiblər. Saakaşvili “Vivamed” klinikasına daxil olduqdan sonra 43 kilo arıqlayıb. Onda qızdırma, anareksiya, əzələ, oynaq və sümük ağrıları, əzələ spazmları müşahidə olunub. Amerikalı toksikoloq professor Devid Smit yaydığı 28 noyabr 2022-ci il tarixli hesabatında Mixail Saakaşvilinin ağır metallarla zəhərləndiyini bildirib. 

Hesabatda deyilib ki, eks-prezidentin saç və dırnaqlarının müayinəsi nəticəsində onun bədənində civə və arsen izləri aşkar edilib. Qeyd edilir ki, bu maddələrin bu cür dozaları dərman müalicəsi nəticəsində orqanizmə daxil ola bilməz. Professorun sözlərinə görə, çox güman ki, bu zəhərli maddələr Mixail Saakaşvilinin orqanizminə həbsdən sonra daxil olub. Smit yazır ki, xəstə müayinə, əlavə araşdırma və müalicə üçün müvafiq tibb müəssisəsinə köçürülməlidir. Bundan əvvəl dekabrın 1-də “Empatiya” mərkəzi də Mixail Saakaşvilinin səhhəti ilə bağlı ekspert rəyini dərc edib. Orada deyilir ki, Saakaşvili həbs olunan zaman “praktiki olaraq sağlam idi” və bu gün ölüm təhlükəsi qarşısındadır. Xalq müdafiəçisi Nino Lomdjariya da Saakaşvilinin hazırda olduğu klinikaya baş çəkib. Onunla birlikdə ora Ombudsman yanında yaradılmış Həkimlər Şurasının üzvləri olan və vaxtaşırı eks-prezidentin səhhətinə nəzarət edən həkimlər də gəlib. Həmin həkimlərdən biri Tengiz Tsuladze bunları deyib: "Xəstənin vəziyyəti, fikrimizcə, açıq-aydın ağırdır, məqbul olandan qat-qat artıq çəki itkisi var. Əhəmiyyətli kilo itkisi həyat üçün təhlükəlidir, çox təhlükəlidir". 

Qeyd edək ki, Saakaşvili ailəsinin, onun komandasının üzvlərinin, müxalifətçilərin və vətəndaş cəmiyyətinin əsas tələbi Saakaşvilinin müalicə üçün xaricə göndərilməsidir. Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” Partiyası da azadlıq tələbi ilə aksiya keçirib. Mitinqə bəzi başqa siyasətçilər də qoşulub. Aksiyanın təşkilatçıları Saakaşvilinin xaricə müalicəyə göndərilməsindən başqa heç bir siyasi tələblərinin olmadığını bildiriblər.
  Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə Saakaşviliyə heç bir güzəşt olmayacağını deyib: "Müharibə partiyası (Milli Hərəkat), alçaldılmış, satqın liderlərin yaratdığı partiya çox ağır vəziyyətdədir. Onların nə dedikləri məni maraqlandırmır. Gürcüstanda heç kim qanundan kənar heç nəyə qarışa bilməz. Saakaşvilini ölkəyə gətirərək son kartdan istifadə etdilər, bu axmaqlığı etdilər və bunun necə bitdiyini gördük. Onların ideyaları tam fiasko ilə bitdi. Saakaşvili depressiyaya düşüb, mühiti sevmir. Həbsxana mühiti hansı məhbusun xoşuna gəlir? Rati Breqadze çıxıb camaat qarşısında təklif etdi ki, istənilən ölkədən, istənilən klinikadan istənilən həkimi gətirməyə hazırıq. Onlar Gürcüstanda müalicə olunmaq istəmirlər. Onların yeganə məqsədi Saakaşvilini azad etməkdir. 

  Xatırladaq ki, eks prezident Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.

  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Mixail Saakaşvili hələ də Gürcüstanda ciddi fiqur sayılır. Analitikə görə, Saakaşvili 10 il Gürcüstana rəhbərlik edib, ondan əvvəlki dönəmdə isə ciddi müxalifət liderlərindən olub: "Saakaşvili siyasi fəaliyyətində böyük imic və dəstək qazana bilib. Qərblə əməkdaşlıqda ciddi imkanlara və potensiala sahib bir lider olub. 

Hesab edirəm ki, səhhətində problemlər yaşayan sabiq prezident Mixail Saakaşvilinin həbsdə saxlanması Gürcüstan hökumətinin öz qərarı deyil. Məncə, onun həbsdə qalmasının sifarişçisi Rusiyadır. Saakaşvilinin partiyasında da hamının birmənalı onu sevdiyi, dəstəklədiyi deyilə bilməz. Eks prezidentin xaricdə yaşadığı dönəmlərdə onun partiyasına sızıntılar olub. Hazırda partiyada Saakaşviliyə qarşı loyal münasibəti olmayan kadrlar var. 

Qərb üçün isə önəmli olan Saakaşvili deyil. Qərbin istəyi odur ki, onun siyasətinə tərs düşən qüvvələr hakimiyyətdə olmasın. Nəzərə alaq ki, indiki prezident Salome Zurabaşvili həm də Fransa vətəndaşıdır. Onun da Qərb dünyası ilə əlaqələri genişdir. Mövcud vəziyyətdə Saakaşvilinin hökumətə təzyiq göstərmək imkanları çox zəifdir. Keçmiş prezidentin indiyədək həbsdə qalması da bunu göstərir. 

Hakimiyyət ehtiyat edir ki, Saakaşvilini həbsdən buraxsalar, gələcəkdə başqa problemlər yarada bilər. Lakin istənilən halda Saakaşvilinin ciddi xəstəlikləri varsa, yaxın zamanda azadlığa buraxılma ehtimalı var. Görünür, hələlik prosesləri uzatmağa çalışırlar".