Fransa bölgəni yeni xaosa sürükləyir

Araik Arutyunyanın Parisdə peyda olması həm də Fransanın Kremlə xidmətidir

  Qarabağdakı separatçı rejimin "lideri" Araik Arutyunyan Fransa Senatında olub. Araik Parisdə Azərbaycanı pisləyən, əsassız ittihamlar edən, qətnamə hazırlayıb səs verən ermənipərəst senatorlar tərəfindən qəbul edilib və rəğbətlə qarşılanıb. Arutyunyan fürsətdən istifadə edərək, oradakı çıxışlarında təxribatçı bəyanatlar verməkdə davam edib. Bundan başqa, Fransa tərəfi separatçı ünsürə geniş media platforması təqdim edərək, sərsəm ideyaların təbliği üçün ona imkan yaradıblar. Gülünc olanı isə Fransanın dövlətə bağlı "France 24" kanalında Arutyunyanın qondarma xunta rejiminin "prezidenti" kimi göstərilməsi olub. Fransa bu addımla növbəti dəfə sübut edib ki, bütün dünyanın mübarizə apardığı radikal separatizmi dəstəkləyir. Rəsmi Parisin öz ölkəsinin maraqlarını bir ovuc erməni lobbisinin maraqları üzərində qurması, milli maraqlarını erməni siyasətinə qurban verməsi Fransa adına utancvericidir. 

Digər yandan Fransanın Araik üçün geniş meydan açması və bu istiqamətdəki fəaliyyətləri bölgədə sülh prosesini zərbə altına qoyur, Cənubi Qafqazda təhlükəsiz mühitin formalaşmasına mane olur. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24“ telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib. Səfir "Twitter" paylaşımında telekanalın bu addımını pisləyib. Azərbaycanlı diplomatın sözlərinə görə, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.

  Millət vəkili Sahib Alıyev deyib ki, baş separatçı rolunu de-fakto dələduz Robert Vardanyana təhvil verən Araik Arutyunyanın Fransada peyda olması və Parisin Qafqazda fəallaşmaq cəhdləri erməniləri xeyli ruhlandırıb. Deputat bildirib ki, ermənilər elə düşünürlər ki, guya, bu gedişlə Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq və “kiçik bacını” öz qanadı altına alacaq:

 "Kökündən yanılırlar. Birincisi, onlar diqqət yetirib görsünlər, Arutyunyan Fransada kiminlə görüşür. Hələ gənc yaşlarında DTK-nın əməkdaşlığa cəlb etdiyi deyilən Valeri Pekreslə görüşür. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndidə peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı. Niyə Arutyunyanın görüşdüyü və görüşəcəyi adamlar arasında məhz bu xanımın üzərində dayandım? Çünki bütövlükdə Fransanın bizim regiona yanaşmada yeritdiyi siyasət, hətta Avropa Birliyinin adından Ermənistana göndərilən missiya belə dolayısıyla Rusiyanın maraqlarına xidmət edir. Makronun Avropa Birliyi adından Ermənistana missiya göndərməkdə və qalma vaxtını  uzatmağa çalışmaqda məqsədi Azərbaycan-Ermənistan sərhədində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etməkdir. Burada Rusiyanın marağına cavab verməyən heç nə yoxdur. Əksinə, sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərəksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması Rusiyaya sərf edir". Parlament üzvü vurğulayıb ki, rəsmi Paris, birincisi, İranla eyni oyunu oynayaraq Qafqazda sülhün yaranmasının qarşısını alır: "Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir. Makron Fransası, guya, Ermənistana dəstək adı altında Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Ona görə də əgər ermənilər düşünürlərsə ki, Fransa Rusiyanı Ermənistandan vurub çıxaracaq və oranı öz forpostuna çevirəcək, yanılırlar". 

  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da deyib ki, Araik Arutyunyanın Fransada mətbuat konfransında iştirak edərək çıxış etməsi və müsahibəsinin media vasitəsilə yayımlanması, sözsüz ki, rəsmi Parisin Cənubi Qafqazda terrorçuluğu və separatçılığı himayə etdiyinin göstəricisidir: 

"İki günlük səfər zamanı Arutyunyan Fransa parlamentinin bütün fraksiya rəhbərləri ilə görüşüb və daim erməni diasporunun kasasından su içən deputatlarla Cənubi Qafqazdakı məsələləri müzakirə edib. Qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb. Görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub. İstisna deyil ki, Arutyunyanın səfərinin məqsədlərindən biri Ruben Vardanyanın kassiri kimi bu yaxınlarda Azərbaycana qarşı qətnamə qəbul edən fransız parlamentarilərə avrolar gətirmək və onları yeni anti-Azərbaycan qətnamələri və qərarları qəbul etməyə həvəsləndirmək olub. Söhbət Fransa lideri Makronun, Fransadakı erməni diasporunun və Nikol Paşinyanın Laçın dəhlizi ilə bağlı birgə gizli planından gedir. Sözsüz ki, rəsmi Parisin və onun erməni əlaltılarının apardığı siyasət ermənilərin qorunmasını deyil, əksinə, yeni müharibəni labüd edir. Fransanın apardığı siyasət Azərbaycan və Ermənistan arasında sülh prosesinə xələl gətirir və bölgəni yeni xaosa sürükləyir. Lakin həm Ermənistan, həm Fransa, həm də separatçılar odla oynadıqlarının fərqində olmalıdır. Hadisələr Azərbaycanın dəmir yumruğunun işə düşməsini bir daha labüd edə bilər".