Molla rejimi suç üstündə yaxalanıb

İran Ermənistana silah hədiyyə etməklə hansı duruma düşdüyünü sərgilədi

  İran oktyabr ayında gizli yolla Ermənistana yerli istehsal olan 600 ədəd raket göndərib. Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket kompleksidir. Xatırladaq ki, bir neçə gündür mediada 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycandakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib. Ehtimal olunur ki, bu şəxslər vasitəsilə İran sözügedən raketlərin bir hissəsini Qarabağdakı separatçı-terrorçu dəstələrə də ötürüb. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, molla rejiminin "quyruğu" qapı arasında qalıb. Partiya rəhbərinin sözlərinə görə, İran tərəfi heç vaxt bu qədər acınacaqlı şəkildə rəzil, rüsvay olmayıb:

 "Mollalar bir yandan Ermənistana raket göndərərək revanşist-təcavüzkar ölkəni yenidən silahlandırmağa çalışır. Digər tərəfdən isə İran vətəndaşları, yaxud diversantları Qarabağa gəlirlər. 14 nəfər iranlı ilə bağlı araşdırmalar bitməmiş, rəsmi Tehran Xankəndiyə 13 nəfərdən ibarət daha bir təxribatçı qrup göndərir. Beləliklə, son bir həftə ərzində rusiyalı sülhməramlıların postundan Azərbaycan ərazisinə iki qrupdan ibarət 27 nəfər İran vətəndaşı daxil olub. 

Terrorçuluğa, təxribatçılığa himayəçilik edən belə bir ölkəyə "İslam Respublikası" demək nə dərəcədə düzgündür? Kim ki, İranı islam dövləti hesab edir, demək ki, o insanın mübarək islam dinindən anlayışı, xəbəri yoxdur. Maraqlıdır ki, rəsmi Bakı iranlı təxribatçıların ərazimizə keçməsinə qəti etirazını bildirsə də, nə İran, nə də onları ərazilərimizə buraxan sülhməramlılar məsələyə aydınlıq gətirməyiblər. Adi günlərdə Azərbaycanın əleyhinə müxtəlif diplomatlarının, deputatlarının və generallarının vasitəsilə hədə, təhdid dolu bəyanatlar, açıqlamalar verən İran tərəfi indi israrla susmağına davam edir". 

  Ə.Hüseynov vurğulayıb ki, molla rejimi suç üstündə yaxalandığına görə artıq nə deyəcəyini də bilmir:

 "Əllərində Azərbaycan tərəfini qane edə biləcək heç bir tutarlı məntiq və izah imkanları, istinad nöqtələri yoxdur. Lakin rəsmi Bakı sonuncu maskaları da düşən İranın yaxasından əl çəkməyəcək. Molla rejimi həm Ermənistanı silahlandırmağına, həm də ərazilərimizə diversant göndərməyinə mütləq aydınlıq gətirməlidir".