ATƏT-dən etiraf...


Təşkilat sədrinin Daimi Şuranın və Katibliyin xəbəri olmadan özbaşına regiona missiya göndərməsinə qərar verməsi anlaşılmazdır

  ATƏT oktyabr ayında Ermənistana göndərilən və ilkin olaraq “ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun təşkilatla əlaqəsinin olmadığını bildirib. Bu qrupun Ermənistana göndərilməsi barədə qərarın ATƏT-in müvafiq qərarverici orqanları və ya katibliyi tərəfindən deyil, fəaliyyətdə olan Sədrin şəxsi təşəbbüsü ilə verildiyi vurğulanıb. Katiblik qeyd edib ki, bu qrupun göndərilməsi üçün ATƏT-in qərarverici orqanı olan Daimi Şura tərəfindən qərar qəbul edilməyib, qrup mandata malik deyil. Habelə onlar üçün təşkilatın büdcəsindən hər hansı bir vəsait xərclənməyib. Heyətin xərcləri büdcədənkənar vəsaitlər hesabına ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən fərdi şəkildə ödəndiyi diqqətə çatdırılıb. Göründüyü kimi, Azərbaycan tərəfinin tutarlı səbəblər gətirərək bu məsələdə sərgilədiyi mövqe ATƏT tərəfini bir daha düşünməyə vadar edib. Ekspertlərə görə, bu nəticənin əldə olunmasında Azərbaycan tərəfinin son iki ay ərzində apardığı iş xüsusi rol oynayıb. Xarici İşlər Nazirliyimiz bir müddət öncə bildirmişdi ki, belə bir heyətin göndərilməsi məsələsi ATƏT-in hər hansı kollektiv qərarverici orqanı tərəfindən müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. 
  Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, yayılan etiraf açıqlamasında ATƏT-in müəyyən müddət sonra "yumşalması" hiss olunur. Analitikə görə, təşkilat sədrinin Daimi Şuranın və Katibliyin xəbəri olmadan özbaşına regiona missiya göndərməsinə qərar verməsi anlaşılmazdır: "Məgər ATƏT sədri qurumu təmsil etmir? Ermənistana göndərilən missiyaya büdcədən vəsait ayrılmaması, səfərin şəxsi vəsait hesabına baş tutması reallığı dəyişmir. Ola bilər, bu, əvvəlcədən belə planlanıb. Rəsmi Bakı açıq şəkildə dəfələrlə ATƏT-in Minsk qrupunun buraxıldığını, fəaliyyətdə olmadığını elan edib. Azərbaycan tərəfi həmsədrlik institutunun ABŞ, Fransa və Rusiya tərəfindən "dirildilməsinə" imkan verməyib. ATƏT də İrəvanın missiya ilə bağlı təklifini bu formada reallaşdırıb. Yəni etiraz olanda əllərində rəsmi Bakıya təqdim etmək üçün bəhanə saxlayıblar. Halbuki mandat olmazsa, təşkilat sədri də belə bir təşəbbüslə çıxış edə bilməz".