Sülh sazişinin imzalanmasına hələ bir qədər də vaxt lazımdır


Elçin Xalidbəyli: "ABŞ və Qərb də rəsmi İrəvana mümkün qədər tez bir zamanda sülh sazişini imzalamaq tələbləri ilə təzyiq göstərir"
  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvan-Bakı arasındakı sülh müqaviləsindən danışıb. Qriqoryan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinə ölkələr arasında mövcud olan bütün problemli məsələlər daxildir. Onun sözlərinə görə, rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb: "Sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir. Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur. Söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir. Ümumiyyətlə, bu məsələlərlə bağlı müzakirələr davam edir və bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur”.
  Politoloq Elçin Xalidbəyli "Şərq"ə deyib ki, Ermənistan hələ də beynəlxalq himayədarına ümid bəsləyir. Ona görə də Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması böyük ehtimalla hələ bir qədər də vaxt aparacaq. Ancaq istənilən halda, rəsmi İrəvan Azərbaycanın təklif etdiyi beş prinsip əsasında sülh sazişi imzalamağa məcbur olacaq: "Çünki rəsmi İrəvan tezliklə anlayacaq ki, Ermənistanın başqa çıxış yolu və güvənə biləcəyi heç kim qalmayıb. Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın "böyük bacısı" Fransanı Cənubi Qafqazdakı sülh prosesindən tamamilə kənarlaşdırıb. İranın Ermənistana dəstəyi də rəsmi İrəvanın mövqelərini möhkəmləndirmək üçün yetərli olmadı. Rəsmi Bakı İranın Azərbaycana qarşı təhdidlərini Türkiyə ilə birlikdə cənub sərhədlərində hərbi təlimlər keçirdərək, əhəmiyyətdən sala bildi. Azərbaycan ATƏT-in Ermənistana göndərdiyi iddia edilən "müşahidə missiyası"nı da qanundankənar elan etdi. Rəsmi Bakı bu qurumun 2023-cü il üçün büdcəsini blokladı. Nəticədə ATƏT həmin "müsahibəni missiyası"nın bu quruma heç bir aidiyyətinin olmadığını rəsmən bəyan etmək məcburiyyətində qaldı. Belə vəziyyətdə Ermənistanın təhlükəsizliyinə yalnız Azərbaycan və Türkiyə təminat verə bilər. Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Ermənistana ənənəvi "növbətçi bəyanatlar"dan başqa heç bir dəstək verilməyəcək".
  Analitik vurğulayıb ki, bir müddətdən sonra Ermənistan özü Azərbaycana sülh sazişinin imzalanması üçün yalvarmalı olacaq: "Həmin sülh sazişi ilə Azərbaycan və Ermənistan arasında bütün problemlər böyük ölçüdə həll ediləcək. Ancaq bir önəmli məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəsi ilə bağlı heç bir mövzu Ermənistanla sülh danışıqlarının gündəliyinə daxil deyil. Rəsmi İrəvan bu barədə daxili auditoriyaya hesablanmış müxtəlif yalan məlumatlar yaysa da, bu mövzu Azərbaycanın daxili işidir. Ümumiyyətlə, rəsmi İrəvanın Azərbaycanla qarşıdurmada heç kimin Ermənistana ümid bəslədiyi dəstəyi verməyəcəyinə inanması da bir az vaxt alacaq. Ancaq tezliklə rəsmi İrəvan buna əmin olacaq və dərhal Azərbaycanla sülh sazişi imzalamağa cəhd göstəcək. Və artıq bunun ilkin əlamətləri də müşahidə edilməyə başlayıb. Məsələ ondadır ki, ABŞ və Qərb də rəsmi İrəvana mümkün qədər tez bir zamanda sülh sazişini imzalamaq tələbləri ilə təzyiq göstərir. İndi sülh sazişinin imzalanmasını ləngitməyə Ermənistanla yanaşı, yalnız Rusiya cəhd göstərir. Halbuki Ermənistanın Rusiya ilə münasibətlərində də kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Digər tərəfdən, Rusiya getdikcə zəifləyir və yaxın vaxtlarda Cənubi Qafqazdakı hegemon mövqelərini tədricən itirməyə başlayacaq. Hətta son vaxtlar rəsmi Bakı da Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında yaranmış vəziyyətlə bağlı Rusiyaya təzyiqlər göstərir. Bir müddət sonra Kreml bu təzyiqlər qarşısında tab gətirməyəcək. Çünki Rusiyaya qarşı sanksiyaların təsiri və əhatə dairəsi genişləndikcə, Kreml Azərbaycan-Türkiyə İttifaqından daha çox asılı vəziyyətə düşür".
  E.Xalidbəyli bəyan edib ki, rəsmi İrəvanın sülh sazişi ilə bağlı pessimist yanaşması tamamilə başadüşüləndir: "Paşinyan hakimiyyəti tezliklə sülh sazişini imzalamaq məcburiyyətində olduğunu anlayır. Eyni zamanda onu da anlayır ki, sülh sazişində Ermənistanın israr etdiyi heç bir məsələ yer almayacaq. Rəsmi İrəvan Azərbaycanın şərtlərini ifadə edən sülh sazişinə imza atmalı olacaq. Ermənistandakı pessimizmin əsas səbəbi də məhz budur. Böyük ehtimalla yaxın vaxtlarda rəsmi İrəvan indikindən daha ağır şərtlər çərçivəsində Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətində qalacaq. Bunun üçün hətta rəsmi Bakıdan yalvarış məzmunlu xahişlər edəcək".