Azərbaycan xarici siyasətindəki prioritetləri yeniləyib


Türk Dövlətləri Təşkilatının gücə çevrilməsi Bakıya Tehranın yerində otuzdurulması üçün xeyli stimullaşdırıcı ideyalar verir

“21 Azər” hərəkatı İrandakı soydaşlarımızın hüquqlarını müdafiə etmək üçün istinad edə biləcəyimiz presedentlərdən biri kimi götürülə bilər

  77 il öncə - 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. İkinci Dünya müharibəsi Böyük Britaniya və SSRİ-nin İran adlanan ərazidə əlini gücləndirmişdi. Rza şah Pəhləvinin süquta uğrayan istibdad rejimi İranda fərqli-fərqli epizodlarla yadda qalıb. Elə həmin anlarda Azərbaycanın güneyində başlayan Milli Azadlıq Hərəkatı 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə nəticələnib. Bu hadisə tarixə "21 Azər" hərəkatı olaraq da həkk olunub. Ömrü bir ilə sığan bu hökumət hələ 20 il öncə İranda min il sürən türk hökmranlığına son qoyaraq hakimiyyəti ələ keçirən Pəhləvi rejiminin etmədiklərini reallaşdırdı. Yeni yaranan Milli Hökumət İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi və digər bu kimi qərarlarla güneyli soydaşlarımızda ümid işığı yaradıb. Xalqın dəstəyini arxasına alan "21 Azər" hərəkatı 1946-cı il dekabrın 12-də İran rejiminin xain planı ilə iflasa uğradı. Süquta uğradılmamışdan öncə İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa belə, eyni il içərisində Pəhləvi rejiminin ordusu Azərbaycana hücum edərək Milli Hökumətin mövcudluğuna son qoydu. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkünə qarşı qətliam həyata keçirildi, minlərlə soydaşımız sürgünə göndərildi. 
  Siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib ki, Rusiya və İranın tarixin müxtəlif periodlarında bir-birilərinə qarşı apardıqları müharibələrin acı nəticələri azərbaycanlıların taleyinə calaq edilib. Ekspertin fikrincə, Rusiya və İran imperiyalarının tarixdəki didişmələri, onların hərb və sülh modeli azərbaycanlıları lənət zolağına salıb. Sonrakı mərhələlərdə soydaşlarımızın Araz çayı boyunca bir-birindən ayrı düşmələri ilə nəticələnən prosesi yekunlaşdırıb: "Azərbaycan tarixin bu amansız şilləsini heç zaman unutmadı və bir-birindən ayrı düşən talelərin qovuşması üçün səy göstərdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də məsələ diqqətdə saxlanıldı. Ancaq proseslərin amansız və hədsiz ambisiyaları Azərbaycanın başı üzərində qara bulud topasını qatılaşdırdı. Rusiya imperiyasının çökməsindən sonra yaranan müstəqil dövlətlər, o cümlədən Azərbaycan süquta uğrayıb SSRİ-nin çətiri altına girmək qisməti ilə barışmalı oldu. Rusiya imperiyasının yerini tutan SSRİ zamanında belə, Azərbaycanın İrandakı soydaşlarımızla mənəvi telləri eroziyaya məruz qalmadı və nisgil, həsrət vahid ideoloji təməl üçün yeni mərhələnin başlanmasına səbəb verdi.
  Bəli, SSRİ özü də bunda maraqlı idi, çünki SSRİ regiondakı tarixi rəqibi İrana dərs vermək üçün siyasi tərəzisində Cənubi Azərbaycan amilinin çəkisini artırırdı. Ancaq Kremlin qeyri-səmimi hisslərindən fərqli olaraq, Azərbaycandakı cənub həsrətinin cövhərində saf, ülvi hisslər dayanırdı. Gülüstan və Türkmənçay müqavilələrinin nəticələri ilə barışmayan Azərbaycan və cənubdakı soydaşlarımızın bir-biri ilə qarşılıqlı sevgisi və işi nəticəsində İranda milli hərəkat başlanır. Seyid Cəfər Pişəvərinin başçılığı altında aparılan mübarizə nəticəsində İranda 1945-ci ilin 12 dekabrında muxtar sosialist hökumət qurulur. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edir. Milli Hökumət bir sıra tədbirlərlə yadda qalır və bununla da sanki bu gün üçün presedentin əsasını qoyur. Pişəvərinin başçılığı altında olan Milli Hökumət Güney Azərbaycanda milli ordunun yaradılmasına, torpaq islahatlarının həyata keçirilməsinə, Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəbin açılmasına, milli teatrların, milli kitabxanaların, milli filarmoniyanın yaradılmasına nail olur. Fəhlələrin hüquqlarının qorunması, qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində mühüm qərarlar verir. Lakin Milli Hökumətin ömrü cəmi bir il çəkir. İrandakı rejim Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində vəhşiliklər törədir, milli və ictimai fəallar edam edilirlər. Məlumatlara əsasən, 1946-cı ilin 12 dekabrında Milli Hökumət süquta uğrayandan sonra İranda 30 min insan öldürülür. Qurduğu muxtar dövlətin qürubunu həzm edə bilməyən Pişəvəri Azərbaycana pənah gətirir. Amma o da Yevlaxda müəmmalı şəkildə baş verən yol qəzasında həlak olur". 
  Ekspert bildirib ki, Pişəvərinin qurduğu hökumət tarixə “21 Azər” hərəkatı adı ilə möhür vurur. Bu, Azərbaycandakı cənub mövzusuna xeyli stimullar verir: "Ədəbiyyatda, filmlərdə, mədəniyyətdə İranda yaşayan soydaşlarımızın taleyi ilə bağlı nüansların sayı çoxalır. Gün gəlir, dövran dönür, SSRİ tarixi burulğanların içərisində qürub edir. Azərbaycanda isə cənub eşqi sönmür və müstəqillik illərinin şüarları içərisində xüsusi yerə sahiblənir. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra Cənubi Qafqazda yaranan reallıqlar kontekstində rəsmi Bakının xarici siyasət prioritetlərinə diqqət etməyinin zamanı da yetişdi. Prezident İlham Əliyev azərbaycanlıların bir-birindən ayrı düşməsini diqqətdə saxlayır, beynəlxalq siyasi konyunktur şərtlərini nəzərə alaraq, böyük məharətlə bəzən dərin subliminal, bəzən isə açıq mesajlarla Gülüstan və Türkmənçay müqavilələrinin başımıza açdığı oyunları diqqət mərkəzinə gətirir. İranın Azərbaycana axıtmaq istədiyi təhlükəli plazmalar qarşısında dövlət başçısı İlham Əliyevin tezisləri xüsusi əks-həmlə metodu kimi başa düşülməlidir. Etiraf etmək lazımdır ki, onlar molla rejiminin taleyini sual altına qoyan güclü aspektləri özündə cəmləşdirir. Azərbaycan dövləti üçün indi Cənubi Azərbaycan mövzusu strateji həssas məsələlər siyahısında yer alır və regionda, qlobal arenadakı konyunktur, Türk Dövlətləri Təşkilatının gücə çevrilməsi Bakıya Tehranın yerində otuzdurulması üçün xeyli stimullaşdırıcı ideyalar verir".
  A.Kərimov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev dünyada türk kimliyinin milli-siyasi-dini əsaslarla qorunması və daha da ucalara qaldırılması üçün 11 noyabrda Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə mühüm istiqamətlər təqdim edib: "Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha geniş olduğundan kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadığı ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır.
  Burada əsas vurğu İran üzərinə edilir və molla rejiminin soydaşlarımıza qarşı amansız fəaliyyətinin qəbuledilməz olduğu göstərilir. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin açıqlamaları birinci növbədə Azərbaycan dövlətinin Türkiyə ilə mərkəzləşmiş qaydada vahid proqram tərtib etmək çağırışını meydana qoyur. İkinci istiqamət budur ki, İranın Azərbaycana qarşı hədyanlarına cavab olaraq atılacaq addımların TDT çərçivəsində koordinasiya edilməsinin vacibliyi əhəmiyyət daşıyır. Dövlət başçısının dedikləri kollektiv müdafiənin prinsiplərinin hazırlanması üçün məcraları müəyyən edir. Üçüncüsü, bunlar beynəlxalq ictimaiyyətin şüuruna yeridilən mesajlardır. Yəni Azərbaycan xarici siyasətindəki prioritetləri yeniləyib və Cənubi Qafqazdakı reallıqlar qlobal tərəfləri Bakıya dəstək olmağa vadar etməlidir. “21 Azər” hərəkatı İrandakı soydaşlarımızın hüquqlarını müdafiə etmək üçün istinad edə biləcəyimiz presedentlərdən biri kimi götürülə bilər".