Qarabağ Zəfəri türk dövlətlərini birləşdirir

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb

"Zəngəzur dəhlizinin açılması 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq"

  "Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir". Bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ölkə rəhbəri bildirib ki, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb: "Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”. 

Prezident bəyan edib ki, Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib: "Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan üzərindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb”. 

"Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq, bütün işlər 2024-cü ildə tamamlanacaq"

  Prezident deyib ki, Zəngəzur dəhlizinin açılmasına da toxunub: "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq". 

"Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub"

  Dövlət başçısı bildirib ki, növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub: "Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir”. Prezident İlham Əliyevin sözlərinə görə, 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir: "Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub”.

"Türkiyə və Türkmənistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanmağa dəvət edirik"

  Azərbaycan Prezidenti Türkiyə və Türkmənistan şirkətlərini Ələt Azad İqtisadi Zonasına dəvət edib: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir. Bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulub. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyə və Türkmənistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanmağa dəvət edirik”.

"2024-cü ildə Laçında beynəlxalq hava limanının açılması nəzərdə tutulub"

  Prezident deyib ki, 2024-cü ildə Laçında beynəlxalq hava limanının açılması nəzərdə tutulub: "Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edib. 2024-cü ildə işğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının açılması nəzərdə tutulub”.

"Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb"

  Prezident vurğulayıb ki, Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb: "2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”. Dövlət başçısı qeyd edib ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var: “Bu səbəbdən digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.

"Qarabağın işğalına son qoyan Vətən müharibəsi həmrəyliyimizin ən son nümunəsidir"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağın işğalına son qoyan Vətən müharibəsi həmrəyliyimizin ən son nümunəsidir. O, həmçinin qeyd edib ki, Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarının azad olunması görülən işlərin uğurlu olduğunun sübutudur: "Əl-ələ verdiyimiz, həmrəy olduğumuz hər məsələdə uğurlu olacağımıza əminəm. Bunun ən son nümunəsi Qarabağın 30 illik işğalına son qoyan Vətən müharibəsidir. Türk Dövlətləri Təşkilatı bu baxımdan son dərəcə önəmlidir".

"Türkmənistan qazının Qərb bazarlarına nəqli üzərində iş başlamalıdır"

  Ərdoğan qeyd edib ki, Türkmənistan qazının Qərb bazarlarına nəqli üzərində iş başlamalıdır: "Biz Türkmənistan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin ötürülməsi üzərində işləməyə hazırıq. Tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır". Ərdoğan, həmçinin üç ölkə ərazisindən keçən Orta Dəhlizin də böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq”.