Liderlərin danışıqları bu il alınmayacaq

Ermənistanı sülhə məcbur etməyin yolu hərb meydanıdır

Rusiyanın vasitəçiliyi ilə təşkil olunan bütün görüşlər uzana-uzana gedəcək

  Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək. Tədbir çərçivəsində Rusiya dövlət başçısı V.Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı ehtimallar var idi. Ancaq Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü ilə bağlı razılıq yoxdur. O, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılığın olmadığını söyləyib. Lakin Peskov liderlərin sammit çərçivəsində danışıqlar apara biləcəyini istisna etməyib. 

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, MDB artıq formal təşkilata çevrilib. Partiya rəsmisi qeyd edib ki, Rusiyanın 30 il ərzində postsovet məkanında qurduğu, rəhbərlik etdiyi bütün təşkilatlar mənasız qurumlara çevrilib: 

"Rusiya MDB-dən sonra KTMT və Avrasiya İqtisadi Birliyini qurdu. Ancaq bu təşkilatlar da effektli olmadı. Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş ehtimalına gəldikdə isə onu deyim ki, Rusiyanın təşəbbüsü ilə reallaşan təmasların hamısı Moskvanın eqosunu təmin etməyə hesablanıb. Kreml istənilən şəraitdə regionda əsas söz sahibi olduğunu diqqətə çatdırmaq istəyir. Reallıq isə odur ki, artıq ruslar özləri də buna az inanırlar. MDB ölkələrinin daha müstəqil siyasət həyata keçirməsi Rusiyanın bölgədə təsir imkanlarını azaldır. Zamanla bu təsir minimum səviyyəyə düşəcək. O baxımdan gözlənilən üçtərəfli, yaxud ikitərəfli görüşün ciddi nəticələr ortaya qoyacağına inanmıram. Rəsmi Bakının şərtləri, tələbləri bəllidir. Azərbaycan sülhlə bağlı öz təkliflərini İrəvanın diqqətinə çatdırıb. Ermənistan Azərbaycanın şərtlərini qəbul etmir. Rəsmi Bakı isə bildirib ki, Azərbaycanın səbri tükənmək üzrədir". 
  Ə.Məmmədli vurğulayıb ki, mənasız görüşlər Rusiya və Ermənistana sərf edir, amma Azərbaycan real nəticələr istəyir: "Ermənistanı sülhə razı etməyin yolu hərb meydanıdır. Ermənilər ancaq güc dilindən anlayırlar. Əks halda məsələ uzana-uzana gedəcək. Hansısa "status-kvo"ya, prosesin dondurulmasına imkan vermək olmaz. Vaxt uzandıqca proses əleyhimizə işləyir. Rusiya, Fransa, İran, Hindistan, o cümlədən ABŞ və başqa ölkələr Ermənistanı ayağa qaldırmağa, yenidən silahlandırmağa çalışır. Yaralı ilanın başını birdəfəlik əzmək lazımdır".