Mərkəzdə Fransadır

Avropa İttifaqı missiyası bölgəyə sülh gətirməyəcək

Proseslər göstərir ki, regionda Qərb və Rusiya qarşıdurması güclənəcək

  Avropa İttifaqı Şurası Ermənistanda mülki missiyasının yaradılması barədə razılığa gəlib. Deyilənə görə, missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerli etimad yaratmaq və tərəflər arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit təmin etməkdir. Vurğulanıb ki, Aİ regionda davamlı sülhə nail olmaq üçün hər iki tərəflə yaxından işləməyə sadiqdir. Missiyanın müddətinin 2 il olacağı və Əməliyyat Qərargahının Ermənistanda yerləşəcəyi deyilib. Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: 

“Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək”. Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı. Bəzi ekspertlər “mülki missiyası”nın 200 nəfərlik heyətinin keçmiş hərbçilərdən təşkil olunduğunu və Ermənistana Qərb hərbi kontingentin yerləşdirilməsinə hazırlıq görüldüyünü iddia ediblər. Rəsmi Bakı isə hesab edir ki, Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Aİ missiyası Azərbaycanın legitim maraqlarını nəzərə almalıdır: "Aİ-nin missiyasının mövcudluğu Ermənistan tərəfindən normallaşma prosesini pozmaq cəhdlərinin artması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı". 
  Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da bildirib ki, Aİ-nin missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır. İki illik “mülki missiya” qərarı Rusiyada da ciddi narahatlıqla qarşılanıb. Rusiya rəsmi dairələri ilə yanaşı, ekspertlər və rus mediası da olaya kəskin reaksiya sərgiləyirlər.

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədinə 2 illik müddətə gəlməsi beynəlxalq hüququn kobud şəkildə tapdanmasıdır. Analitik deyib ki, beynəlxalq hüququn əsas müddəaları ondan ibarətdir ki, Aİ Azərbaycan-Ermənistan sərhədinə gəlmək istəyirsə, rəsmi Bakının razılığı mütləqdir. 

Ancaq Azərbaycan belə bir missiyanın bölgəyə gəlməsinə razılıq verməyib. Burdan belə çıxır ki, Avropa İttifaqı Azərbaycanla da əlaqələri pozmaqda maraqlıdır. Digər yandan Rusiya Ermənistanda Qərbin olmasını istəmir. Bütün gücü ilə çalışır ki, bunun qarşısını alsın. Ancaq indiki Ermənistan rəhbərliyi daha çox Qərblə əməkdaşlığa üstünlük verir. Hesab edirəm ki, yaxın dövr ərzində Aİ, daha doğrusu, Qərb və Rusiya arasında ciddi mübarizənin başlayacağı gözləniləndir. Qərbin missiya göndərməkdə məqsədlərindən biri, həqiqətən də, tərəflər arasında sülh danışıqlarına gedən yolu açmaq ola bilər. Ancaq Qərb ölkələrinin Cənubi Qafqazla bağlı öz maraqlarının olduğu şübhəsizdir. Ona görə də bölgədə öz maraqlarına uyğun addım atmağa çalışırlar. Ermənistan hökumətini də buna təhrik edirlər". 

  S.Hümbətov hesab edir ki, missiya məsələsində ortaya çıxacaq əsas problemlərdən biri sərhədlərin demarkasiya və delimitasiya prosesi ilə bağlıdır: 

"Sərhəddə bəzi ərazilər mübahisəlidir və dəqiq müəyyən edilməsi üçün tarixi xəritələrin ortaya qoyulması vacibdir. İstinad ediləcək xəritələrin də əksəriyyəti Rusiya Müdafiə Nazirliyinin arxivlərindədir. Moskvanın həmin xəritələri vaxtında üzə çıxarıb-çıxarmayacağı da sual doğurur. Əgər Aİ missiyası sərhədə gələrsə, Rusiya xəritələri verməyə bilər. Yəni missiya istənilən halda vəziyyətin gərginləşməsinə xidmət edəcək. Düşünürəm ki, əvvəlki 2 aylıq missiya bir nəbz yoxlanışı idi. Rusiya və Azərbaycanın reaksiyasını ölçən Qərb dövlətləri növbəti addımı atmaq barədə qərar veriblər. Halbuki rəsmi Bakı dəvətsiz missiya ilə bağlı öz konkret mövqeyini dəfələrlə bəyan edib. Düzdür, Moskva etirazını bildirsə də, çox dərinə getmədi. Ona görə də gərginlik yeni mərhələyə qədəm qoymaqdadır. Aİ missiyasının əsas təşəbbüskarı Fransadır. Fransa İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda itirdiyi mövqeyini və aktivliyi bərpa etməyə çalışır. Fransa başda olmaqla Qərb ölkələrinin bölgəmizdə gərginlik yaratmaq cəhdlərinin qarşısı mütləq alınmalıdır. Bununla bağlı ortaya prinsipial mövqeyin qoyulacağını düşünürük".