Müharibənin uzanması ehtimalı daha yüksəkdir

Rusiya işğal etdiyi Ukrayna ərazilərini "uzunmüddətli strateji qazanc" kimi görür 

Hər iki tərəf hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi dəyərləndirirlər

  Luqansk istiqamətində son 10 gündə rusların şəxsi heyətində azalma müşahidə olunur. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ruslar çağırışçıları döyüşə atırlar, peşəkar hərbçilər isə arxa cəbhədə qalır. Bildirilib ki, rus hərbçilərin ailələri Luqansk şəhərindən Rusiya ərazisinə təxliyə olunur. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski deyib ki, Rusiya 500 min insanı səfərbərliyə çağırarsa, onların təminatında problemlər yaranacaq: "Rusiyanın ərazi qoşunlarının birlik və birləşmələrinin sayı bizə məlumdur. Ən əsası isə Baş Qərargahımızda belə məlumatlar var və hərəkətlərimizi planlaşdırarkən bunu nəzərə alırıq. Biz bu 300 min, 500 min rəqəmləri ilə xalqımızı qorxutmamalıyıq". O qeyd edib ki, ruslar döyüşmək istəmir və evlərinə qayıtmağa çalışırlar.

Gerasimov: "Rusiya tarixində belə döyüşlər olmayıb"

  Rusiyanın Baş Qərargah rəisi, Ukraynadakı qoşunların komandanı Valeri Gerasimov deyib ki, Rusiya ordusu Ukraynada praktiki olaraq kollektiv Qərbə qarşı döyüşür: "Müasir Rusiya tarixində bu səviyyədə və intensivlikdə hərbi əməliyyatlar olmayıb”. Böyük Britaniyanın “The Times” nəşri Rusiyanın 500 min nəfərlik səfərbərlik planı hazırladığını deyib. Nəşr bildirib ki, qərar bir neçə gün ərzində qəbul olunacaq: “Orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər”. Məlumata görə, Rusiya aprelə qədər Ukraynaya qarşı yeni genişmiqyaslı hücum həyata keçirə bilər. İddia edilib ki, Rusiya 2 milyonluq ordu yaratmağa çalışır və bunun üçün növbəti dəfə səfərbərlik elan olunacaq.

Pentaqondan etiraf: Ukrayna böyük itkilər verir

  Pentaqonun yüksək çinli məmuru deyib ki, Ukrayna qoşunları Rusiya ordusu ilə döyüşlərdə böyük itkilər verir: "Ukrayna da böyük itkilərlə üzləşib. Şiddətli döyüşlər gedir. Əməliyyat təhlükəsizliyi baxımından mən konkret nə isə deyə bilmərəm”.

"NATO Ukrayna-Rusiya müharibəsində tərəf olmamalıdır"

  Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, NATO Ukrayna-Rusiya müharibəsində tərəf olmamalıdır: "Putinin Ukraynaya qarşı imperialistik, qəddar və əsassız müharibəyə başlamasından 11 ay keçir. Biz razılaşırıq ki, NATO bu müharibədə tərəf olmayacaq və kənarda qalmalıdır. Lakin biz Ukraynanı dəstəkləməliyik və biz bunu edirik”. 

"Baxmuta bunun üçün hücum edirik"

  “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib ki, Baxmut şəhərinə hücum Ukrayna Silahlı Qüvvələrinin ən döyüş qabiliyyətli hissələrini məhv etmək üçün lazım idi: "Ukrayna komandanlığı bütün döyüş qabiliyyətli hissələri Baxmuta göndərir, “Vaqner” isə onları məhv edərək, Rusiya ordusunun digər bölmələrinin başqa istiqamətlərdə operativ imkanlarının açılmasına şərait yaradır. Mənim nəzarətim altında olan bölmələr Ukrayna Silahlı Qüvvələrinin əl-qolunu bağlayır və hücuma keçmələrinə imkan vermir”.

ABŞ “Vaqner”i təqib edəcək

  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Vaşinqton “Vaqner” qrupunun sabitliyi pozmasının qarşısını almaq üçün əlində olan mövcud alətlərlə onu təqib edəcək: "Biz “Vaqner” qrupunun həm Ukraynada, həm də daha geniş kontekstdə sabitliyi pozan təsirinə qarşı çıxmaq üçün onu izləyəcəyik. Bunun üçün isə bütün lazımi vasitələrdən istifadə edəcəyik”. Prays qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya təcavüzdə kömək edən hər kəsi, o cümlədən özəl hərbi şirkətin üzvlərini təqib edəcək.

"Ukrayna dünya xəritəsindən silinə bilər"

  Çinin “Sina” portalında yayımlanan məqalədə qeyd olunub ki, Ukrayna Qərb ölkələrindən tam asılı olduğu üçün məğlubiyyətini etiraf etməyə borcludur: "Rusiyanın hərbi-sənaye kompleksinin qurulmasını davam etdirmək və Ukrayna ilə uzun müddət davam edə biləcək münaqişədən çıxmaq üçün kifayət qədər resursları var. Rusiyada silah və sursat çatışmazlığı mümkün deyil. Ukrayna müttəfiqlərin dəstəyi olmadan cəbhə xəttini saxlaya bilməyəcək. Bu, Ukraynanın “dünya xəritəsindən itmək” riskinə səbəb ola bilər”. 

"Ukrayna və Rusiya "bezmişlik" mərhələsinə çatmayıb"

  Politoloq Araz Aslanlı deyib ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması ehtimalı yüksək olaraq qalır: 

"Bunu ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milli son açıqlamasında qeyd etdi. Dedi ki, hərbi nöqteyi-nəzərdən bu il üçün Rusiya qüvvələrini bütün Ukraynadan və işğal olunmuş ərazilərindən hərbi yolla çıxarmaq çox çətin olacaq. Milli əlavə edib ki, "tarixdəki bir çox müharibə kimi bu müharibə də danışıqlar masasında bitəcək". Müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil. 

Tərəflərdən birinin, xüsusilə Rusiyanın daxilində baş verə biləcək hansısa proses, Ukraynanı dəstəkləyən qüvvələrin xarici siyasətdə qarşılaşa biləcəyi daha ciddi problem "danışıqlar masası" variantını gücləndirə bilər. Ya da Ukraynadakı müharibənin şiddətini azaldar. Amma hazırkı şərtlərdə müharibənin uzanması ehtimalı bir sıra səbəblərə görə daha yüksəkdir. Rusiya işğal etdiyi Ukrayna ərazilərini "uzunmüddətli strateji qazanc" kimi görür. Ukrayna təbii olaraq öz ərazilərini işğaldan azad etmək istəyir. Hər iki tərəf hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi dəyərləndirirlər. 

ABŞ bu prosesi Ruriyanın enerjisini udan, avropalıları təzyiq altında saxlayan və Amerikaya yaxınlaşmağa məcbur edən amil kimi xarakterizə edir. Ukrayna və Rusiya münaqişələrin dayanması üçün vacib olan "bezmişlik" mərhələsinə çatmayıblar. Başqa məqamlar da mövcuddur, amma qeyd edilənlər daha təsirlidir".