“Ümid edirik ki, AXP qeydiyyatdan keçəcək"

Əhəd Məmmədli: “Pənah Hüseyn ölkə siyasətinin episentrində olan, tanınmış, nüfuzlu siyasətçidir”
 

  Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin partiyası dövlət qeydiyyatına alınmır. O, bu iddia ilə özünün feysbuk hesabında çıxış edib. Partiya rəhbəri bildirib ki, ötən ilin dekabrın 11-də keçirilmiş Azərbaycan Xalq Partiyasının V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27.12.2022-ci il tarixdə yazılı şəkildə iki texniki çatışmazlıq əsas göstərildi. Bunlar düzəldilərək yenidən təqdimatdan sonra 05.01.2023 tarixində bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzluq qeyd olunaraq imtina edildi”. P.Hüseyn iddia edib ki, son çatışmazlıqlar düzəldiləndən sonra siyasi partiyalar haqqında yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürüldü. 

Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm". Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Əvvəlki qanunda partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət edirdi. 

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə vurğulayıb ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi zamanı müəyyən dəyişikliklər olsa da, ümumən qaneedici olmadı. Ancaq buna rəğmən, qanun qəbul edildi:

 "Yeni qanuna uyğun olaraq partiyalarda, o cümlədən AĞ Partiyada prosesə başlanılacaq. Əslində mövcud reallıqda çox az sayda partiya qanunla tələb olunan 5000 üzv şərtini icra etmək imkanındadır. AĞ Partiya da bu az sayda olan qurumlar arasındadır. Ümid edirik, "Siyasi partiyalar haqqında" yeni qanun ümumilikdə Azərbaycanda siyasi partiyaların sağlam rəqabətinə təkan verəcək. Bəhanəsiz, problemsiz partiya adını daşıyan siyasi qurumların yolunu açacaq. Hesab edirik ki, belə partiyalardan da biri Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasıdır. Nəzərə alaq ki, ölkəmizdə tanınmayan, fəaliyyətsiz partiyalar çoxdur. 

Bu yaxınlarda siyasi təşkilatların siyahısı açıqlananda ilk dəfə gördüyüm partiyalar var idi. Siyahıya baxanda gördüm ki, Azərbaycanda fılan adda partiya var. 

Partiya sədrləri ilə bağlı vəziyyət eynidir. Dünyasını dəyişmiş, yaxud həbsdə olan partiya sədrləri var. Əgər hansısa siyasi qurumların ləğvindən söhbət gedirsə, ilk növbədə reallıqda olmayan partiyalar ləğv olunmalıdır. Azəbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ölkə siyasətinin episentrində olan, tanınmış, nüfuzlu siyasətçidir. Partiyası da aktiv fəaliyyət göstərən siyasi təşkilatlardandır. O baxımdan ümid edirik ki, qısa müddətdə Azərbaycan Xalq Partiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək".