Azərbaycan və Ermənistan arasında yeni sənəd hazırlanır

Vaşinqtonun normallaşma prosesində aktivliyi Rusiyanı regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir

"Bu sənəd Azərbaycanın 5 təməl prinsipini özündə əks etdirməklə çərçivə sazişini nəzərdə tutur”


  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb. Bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir: “Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Bunu ikitərəfli edirik, öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. 

Ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Çox problemli məsələlərin həlli üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”. Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir. O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir. Xatırladaq ki, Praysın bəyanatından bir gün qabaq ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Blinken Amerikanın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib. Danışıq əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

  Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür. Analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün yeni sənəd hazırlanır:

 "Bu sənəd Azərbaycanın 5 təməl prinsipini özündə əks etdirməklə çərçivə sazişini nəzərdə tutur. Ermənistan tərəfi sülh müqaviləsinə imza atmağa tələsmir və ölkədə konstitusiya referendumu planlaşdırır. Vaşinqtonun normallaşma prosesində aktivliyi Rusiyani regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Paralel olaraq Avropa İttifaqının "mülki missiyası"nın da regiona göndərilməsi Ermənistan-Rusiya əlaqələrinin pozulmasına xidmət edir. Burada Fransanın pozuculuq fəaliyyəti də mümkündür.  Rəsmi Bakını narahat edən əsas məqam budur. Bakı Vaşinqtonla birgə Fransanın pozuculuğunun da qarşısını ala bilər. Lakin çərçivə sazişinin bağlanması üçün liderlərin görüşü təşkil edilməlidir. Şübhəsiz, çərçivə sazişinin imzalanmasının nə qədər effektli olacağı da sual doğurur. Ermənistan rəhbərliyi Azərbaycanın tələblərini praktiki həyata keçirməlidir ki, ortada nəticə olsun. Yox əgər Ermənistan Qərbin ona verdiyi siyasi və təhlükəsizlik dəstəyindən Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə edəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. Bu da Nikol Paşinyanın siyasi iflasına gətirib çıxara bilər. Qarabağla bağlı diplomatik danışıqlar mümkün deyil.

  Qarabağdakı ermənilər və problemlərin həlli yolu alternativsiz güc tətbiqindən keçir. Çünki Ruben Vardanyan israrla "müstəqillik" deyir. Bu da Kremlin birbaşa təlimatına əsaslanır".