Yenə təxribat, yenə Rusiya kanalı…

Azərbaycan Xarici İşlər Nazirliyi Kremlə rəsmi nota verməlidir

“Araik Stepanyan üçün Azərbaycan mövzusu çox ağrılıdır. Çünki separatçı qardaşını məhv edən Azərbaycan Ordusudur”

  Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib. Azərbaycan əleyhinə təxribat bu dəfə “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda baş verib. Siyasi ekspert Dmitri Kulikovun aparıcısı olduğu proqramın 24 yanvar tarixli efirində erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib. O, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib. Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib. Proqramda müzakirə mövzusu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olsa da, Stepanyan Azərbaycan əleyhinə fikirlər səsləndirməyi unutmayıb. Qeyd edək ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən televiziya kanallarında, kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təxribatlar mütəmadi baş verir. Bu təxribatlar İkinci Qarabağ müharibəsi zamanı, ondan əvvəl və sonra da müşahidə olunub. 

  Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Şərq"ə deyib ki, Rusiya sovet dönəmindən etibarən separatist rejimlərin yuvasına çevrilib, onları himayə edib. Ekspert vurğulayıb ki, söhbət təkcə Qarabağdakı separatçılardan yox, eləcə də Abxaziya, Osetiya və digər bölgələrin separatçılarının məhz Rusiyada cəmləşməsindən gedir: 

"Rusiya separatçılara heç vaxt müdaxilə etməyib. Hətta ötən illərdə Moskvada separatçıların toplantısı keçirildi və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri ora dəvət edildi. Terrorçuluq fəaliyyəti həyata keçirən qrupların nümayəndələrini də orada gördük. Bu, Rusiyanın xarici siyasətinin tərkib hissəsidir. Aparıcı Dmitri Kulikov Rusiyanın propoqanda alətidir. Araik Stepanyan isə Kulikovdan daha irəlidə dayanır. Keçmişini araşdırsaq, görərik ki, Azərbaycana qarşı daim mübarizə aparıb, qardaşı müharibədə öldürülüb. Bir müddət sonra Moskvaya gedərək "politoloq" kimi müxtəlif televiziya verilişlərinə qatılmağa başlayıb. Araik Stepanyan üçün Azərbaycan mövzusu çox ağrılıdır. Çünki separatçı qardaşını məhv edən Azərbaycan Ordusudur. O baxımdan ölkəmizə qarşı çıxışları təəccüb doğurmur". 
  F.Abbasov hesab edir ki, Rusiya hökuməti bu tipli təxribatların qarşısını ala bilər və almalıdır: "Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci ildə imzalanmış müqaviləyə görə, ölkəmizin torpaq bütünlüyünə qarşı çıxan qruplaşmalar, təxribatçılar dərhal cəzalandırılmalıdır. Kulikov və Stepanyan kimi insanlar da Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qəsd edənlərin arasındadır. Bununla bağlı Xarici İşlər Nazirliyimiz Rusiyaya rəsmi nota verməlidir. Müəyyən addımlarla bu cür təxribatların qarşısını ala bilərik".