Paşinyan planlı hərəkət edir

Məqsəd odur ki, Rusiya Ermənistanı tərk etsin

“Baş nazirin ilk fürsətdə istəyini reallaşdıracağı bəllidir. Nəzərə alaq ki, "mülki missiya" sadəcə sərhəddə deyil, bütün Ermənistan ərazisində vəzifələndirilib”


  Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib. Missiyanın ilkin mandatı 2 illik nəzərdə tutulacaq və operativ qərargahı Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə isə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək. Missiyanın tərkibinin 100 nəfərdən ibarət olacağı deyilir. 2 illik missiya qərarı Ermənistanda böyük sevinclə qarşılanıb. Erməni siyasətçilər Aİ-nin növbəti təşəbbüsünü özləri üçün böyük fürsət kimi dəyərləndiriblər. 

Azərbaycan isə Aİ-nin sərhədə rəsmi Bakının razılığı olmadan iki illik "mülki missiya" göndərilməsinə qarşıdır. Rusiya da həm xarici işlər naziri Sergey Lavrovun, həm Kreml sözçüsü Dmitri Peskovun diliylə Qərbin bölgədəki missiyasının əleyhinə olduğunu bəyan edib. Moskva bunu Cənubi Qafqaz regionunun qarışdırılmasına cəhd kimi dəyərləndirib. Kremldən bildirilib ki, sözügedən missiyanın göndərilməsinin müsbət nəticə verəcəyinə inanmır: "Missiya əlavə gərginlik yaradacaq. Çünki buna Azərbaycanın da razılığı lazımdır. Unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər".

  Günlərdir müzakirə olunan məsələni "Şərq"ə təhlil edən politoloq Turab Rzayev deyib ki, Fransanın Cənubi Qafqazda özünə yer etmək siyasəti açıq-aşkar görünür. Analitikin sözlərinə görə, Fransa öz imperialist ambisiyalarını israrla davam etdirir:

"Afrikada, Yaxın Şərqdə, Şərqi Aralıq dənizində nəyə nail olmaq istəyirsə, Cənubi Qafqaz regionunda da ona çalışır. Xatırlayırsızsa, Fransa Senatında Azərbaycana qarşı sanksiya qətnaməsi gündəmə gələndə, ölkəmizin qarşısında açıq tələb qoyulmuşdu. Deyilmişdi ki, əgər rəsmi Bakı sanksiyaya məruz qalmaq istəmirsə, Azərbaycan-Ermənistan sərhədində Fransa hərbi bazasının yerləşdirilməsinə icazə versin. Eyni zamanda Xankəndidə Fransanın xüsusi nümayəndəliyi açılsın. Bu, de-fakto Xankəndiyə muxtariyyət istəmək idi. Təbii ki, Azərbaycan tərəfi buna razılıq verə bilməzdi. Daha sonra Laçın yolundakı aksiya ilə bağlı ittihamlar səsləndi. Yolun bağlı olması barədə yalan xəbərlər tirajlandı, Qarabağ ermənilərinin "blokadada" qaldığı iddia edildi və s. Bununla kifayətlənməyərək, Rusiyanın Gümrüdəki hərbi bazasına Qərb ölkələrinə məxsus hərbçilərin də yerləşdirilməsini təklif etdi. Göründüyü kimi, Fransanın əsas məqsədi müxtəlif bəhanələrlə öz ordusunu Cənubi Qafqazda yerləşdirməkdir. Əlbəttə, digər Qərb ölkələrinin fərqli reaksiyaları oldu. Məsələn, ABŞ və Böyük Britaniya Fransanın bu təklifini qulaqardına vurdular. Çünki Amerika və Böyük Britaniya Rusiya ilə hərbi birlikdə təmsil olunmaq istəmir. Onların hədəfi Moskvanı bölgədən çıxartmaqdır. Bunun əksinə, Rusiya isə çalışır ki, Cənubi Qafqazda əsas söz sahibi olsun və bölgəyə kənar gücləri buraxmasın. Ukrayna ilə davam edən savaş bitdikdən sonra yenidən regiona qayıtmağı planlayır. Ona görə Aİ-nin istənilən missiyasını narazılıq və şübhəylə qarşılayır. Bu məsələdə mövqelər üst-üstə düşdüyü üçün rəsmi Bakını dəstəkləyir". 

  T.Rzayev vurğulayıb ki, Ermənistanda eskalasiyanın artma və Ukrayna kimi poliqona çevrilmə riskləri var: 

"Baş nazir Nikol Paşinyan qarşısına konkret məqsəd qoyub ki, nəyin bahasına olur-olsun rus ordusunu ölkədən çıxaracaq. KTMT ilə bağlı qərarlar, Rusiya ilə diplomatik görüşlərdən imtina edilməsi, Gümrüdə ruslar əleyhinə aksiya bu istiqamətdə atılan addımlardır. Paşinyan planlı hərəkət edir. Məqsəd də odur ki, Rusiya Ermənistanı tərk etsin. Baş nazirin ilk fürsətdə istəyini reallaşdıracağı bəllidir. Nəzərə alaq ki, "mülki missiya" sadəcə sərhəddə deyil, bütün Ermənistan ərazisində vəzifələndirilib. Ehtimal edirəm ki, bu qərar da gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq üçündür. Yəni Rusiya Ermənistanı tərketmə tələbinə qarşı ölkədə hərbçilərin əli ilə hansısa təxribata əl atarsa, Qərb ölkələrinə məxsus hərbçilər bunun qarşısını alsın. Adətən ABŞ-dən Ermənistana dövlət müşavirinin köməkçisi səviyyəsində şəxslər gəlirdi. Ancaq son dönəmdə Amerikadan daha yüksək ranqlı rəsmilər, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İrəvana gəldi. 

Bu da göstərir ki, Qərbin Ermənistandan regionla bağlı ciddi tələbləri var. Bölgənin barıt çəlləyinə çevrilməsi tamamilə realdır".