Paşinyan stereotipləri sındırmaq istəyir

Baş nazir revanşistlərin Qarabağ iddiasına son verməyə çalışır

  "Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvlərinin zaman-zaman Qarabağ və Türkiyə ilə bağlı konstruktiv mövqe sərgilədiklərini görürük". Bu barədə "Şərq"ə açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, əlbəttə, Baş nazir Nikol Paşinyan özü birbaşa bunları deyə bilməz: "Paşinyan da parlament səviyyəsində çıxışları zamanı müəyyən praqmatik açıqlamalar verir. Baş nazirin də Qarabağ və Türkiyə ilə bağlı çıxışlarına rast gəlirik. İrəvan hökuməti cəmiyyəti sülhə hazırlamalıdır. 

30 il ərzində Ermənistan "miatsum" və Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları, soyqırım iddiaları ilə çıxış edib. Uzun zaman dövlət və cəmiyyət olaraq düşmənçilik siyasəti həyata keçiriblər. Buna dövlətin ideoloji xətti kimi baxıblar. Paşinyan həmin stereotipləri sındırmaq istəyir. Revanşistlərin Qarabağ iddiasına son verməyə çalışır. Təbii ki, revanşistlər və radikal müxalifət buna qarşıdır. 3 milyon Ermənistan xalqı Qarabağ ermənilərinə görə niyə əziyyət çəkməlidir? Azərbaycan dövləti Qarabağdakı ermənilər məsələsini həll edəcəyini bəyan edib. Artıq münaqişə bitib və bundan sonra ermənilərin hansısa təxribatına ciddi cavab veriləcək. Bu da erməni əhalisini daha pis və çıxılmaz vəziyyətə salacaq".