Laçın dəhlizində giriş-çıxış Azərbaycanın nəzarətindədir

Bir neçə həftə ərzində daha bir tələbimizin reallaşmasının ictimaiyyətə açıqlanmasını izləyə bilərik
 
 "İran Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcək". Bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri deyib. O bildirib ki, Tehranın mövqeyi dəqiqdir:  


  
"Region ölkələri arasında problemlər onların öz iştirakı ilə həll edilməlidir. Digər ölkələr də regionda təhlükəsizliyin və sülhün təmin edilməsi baxımından töhfə verə bilər. Problemlərin region ölkələrinin iştirakı ilə həlli dialoq və müzakirələrə əsaslanmalıdır. Bu, təhlükəsizliyi və sülhü təmin edə bilər”. Səfir onu da qeyd edib ki, İran Avropa İttifaqının müşahidəçilərinin Zəngəzura gəlməsinə qarşı deyil. Onun sözlərinə görə, regionda sülhün qorunmasına digər dövlətlər də töhfə verə bilərlər. 

Politoloq Zaur Məmmədov "Şərq"ə bildirib ki, əvvəlki çıxışlarında Paşinyan-Makron-Rəisi arasında Nikolun vasitəçiliyi ilə dolayısı yolla gizli anlaşma olduğunu qeyd edib. Ekspertə görə, Ermənistan baş nazirinin ayrı-ayrılıqda Fransa və İran liderləri ilə gəldiyi razılığa əsasən bölgəyə Aİ xüsusi nümayəndələri yerləşdirilir və Tehran nəinki buna etiraz etmir, hətta alqışlayır: "İran Zəngəzur dəhlizinin açılmamasını və Qərbi Zəngəzurda sərhəd dəyişikliklərinin olmaması üçün hər vasitəyə hazırdır. Hətta ötən ilin sentyabrın 13-14 günlərində məhz İran ordusunun iştirakı ilə Ermənistan ordusunun postumuza Azərbaycan sərhəddi istiqamətinə hücum etdiklərini istisna etmirəm. İran Fransa polisinin və digər Aİ ölkələrinin Ermənistana gəlişi ilə qırmızı cizgi saydığı Qərbi Zəngəzurda özünü Azərbaycan Ordusu ilə toqquşmadan sığortalayır və ümid edir ki, avropalıların gəlişi Azərbaycanın istəklərinin reallaşmaması ilə nəticələnəcək. Elə buna görə də Tehran 30 ildə ilk dəfə olaraq NATO və Aİ dövlətlərinin xüsusi nümayəndələrinin Cənubi Qafqaza gəlişinə nəinki etiraz etmir, hətta razılığını Paşinyana verir. Bu addım, Rusiya və İran arasında Ermənistanla bağlı son iki ildə ilk belə fikir ayrılığı deyil".
  Z.Məmmədov vurğulayıb ki, Rəisi hakimiyyəti müasir İran tarixində ən uğursuz xarici siyasət yürüdən administrasiya kimi tanındı: "Paşinyanın məqsədi təkcə Rusiyadan deyil, həm də İrandan gələcəkdə xilas olmaqdır. Beləcə, ilk baxışdan görünməsə də, Aİ xüsusi missiyasının İranın Paşinyana xeyir-duası ilə Qərbi Zəngəzura gəlməsinin nəticəsi Azərbaycanın deyil, Azərbaycana qarşı məkrli siyasət quranlar üçün iflas ilə nəticələnəcək. Artıq nəticələnməkdədir. Laçın dəhlizində giriş-çıxış Azərbaycanın nəzarətindədir və bundan sonra belə də olacaq. Güman edirəm, bir neçə həftə ərzində daha bir tələbimizin reallaşmasının ictimaiyyətə açıqlanmasını izləyə bilərik. Yaxın vaxtlarda Vardanyanla bağlı yeni xəbərin gələcəyini istisna etmirəm".