İrəvan prinsipial olaraq Bakının təkliflərini qəbul edib

Yazda Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni sənədlərin imzalanacağı gözlənilir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

  Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini bildiriblər. Bundan əlavə Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərini müzakirə ediblər. Rusiya tərəfi üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə işlərin sürətlə bərpasının, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqinin vacibliyini vurğulayıb. 


  
 Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşləri ilə bağlı diqqətçəkən epizodlar da yayılıb. Mirzoyan Brüsseldə AB və Avropa Parlamentinin nümayəndələri ilə görüşlərdə “ürəyini açmaq” qərarına gəlib. O, Ermənistan hakimiyyətinin geosiyasi üstünlükləri, Qarabağ “problemi” ilə bağlı planları barədə açıqlama verməyə çalışıb. Eyni zamanda Mirzoyan bütün bunları avropalılar üçün xoş gələn geosiyasi kursun çalarları ilə doldurmağa cəhd edib. O, Ermənistanın neytral mövqeyini və ittifaqdan kənar iş tərzini dəfələrlə vurğulayıb. Erməni mənbələri qeyd edirlər ki, Avropa rəsmiləri XİN rəhbərinin bu çıxışlarına laqeydlik nümayiş etdiriblər. Onlar əslində bu detalların Avropanı maraqlandırmadığına və belə görüşlərdə bu kimi monoloqların yersiz olduğuna eyham vurublar. Mirzoyan görüşlər zamanı rəsmi Bakını ittiham edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq, Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirməsi ilə bağlı bəyanatına münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib: "Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”. 
  Rusiyalı politoloq Sergey Markov deyib ki, təxminən iki il yarımdan sonra rus sülhməramlıları mandatlarını itirərək, Qarabağı tərk edəcəklər. Ərazinin nəzarəti isə Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusuna keçəcək. Ermənistan hakimiyyəti öz ordusu ilə Azərbaycan ordu qüvvələrinin qarşısını ala bilməyəcəyini yaxşı bilir. Buna görə də istəyir ki, başqa biri ölkəsinin maraqları üçün mübarizə aparsın. Markov qeyd edib ki, Emənistan hakimiyyətinin əsas ümidi rus ordusuna idi: “İrəvan hesab edirdi ki, Rusiya daha çox erməni mövqeyini dəstəkləyəcək. Və bu dəstəyi almaq üçün İrəvan müxtəlif şəkildə cəhd etdi. Hətta Qarabağ uğrunda mübarizəni Azərbaycanla Ermənistanın davası kimi yox, Türkiyə ilə Rusiyanın mübarizəsi kimi qələmə verməyə çalışdı. Amma İrəvanın bu planı baş tutmadı. Rus cəmiyyəti Qarabağı Ermənistan və Azərbaycanın mübarizəsi kimi tanıyır. Kreml bitərəf mövqe tutmalı olduğunu anlayır və bu baxımdan da rus sülhməramlılar neytral mövqedədir. Bütün bunlara görə də Ermənistan ABŞ-yə, NATO-ya və AB-yə doğru getdi. İrəvan rus sülhməramlıları fransızlar və ya AB-nin təsirində olan başqa ölkələrin hərbçiləri ilə əvəz etmək istəyir. Aydındır ki, Paşinyan bu istəyini reallaşdırmaq üçün çox cəhd edəcək. Amma onların cəhdləri iki ciddi müqavimətlə üzləşəcək. Birincisi, Azərbaycanın müqaviməti ilə. Rəsmi Bakının razılığı olmadan onun suveren ərazisinə - Qarabağa hansısa sülhməramlıların göndərilməsi mümkün deyil. Azərbaycan isə buna razılıq verməyəcək. İkincisi isə Ermənistan Kremlin müqaviməti ilə üzləşəcək. Rusiya Cənubi Qafqazda, yəni Qarabağda sülhməramlı rolunda Fransa və ya ona düşmən olan digər NATO ölkələri ilə əvəz olunmasını qətiyyən istəmir”. 

  Politoloq Məhəmməd Əsədullazadə deyib ki, yaz aylarında Ermənistanda keçiriləcək konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni sənədin imzalanacağı gözlənilir. Ekspert Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib: 

“Azərbaycanla Ermənistan arasında konfedensial (gizli) danışıqlar gedir. Zənnimcə, Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik xidmətinin katibi Armen Qriqoryan aparır. Ermənistan prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib. Tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar gedir. Bunun davamı olaraq, qarşıdakı aylarda Tbilisidə liderlərin görüşünün keçirilməsi istisna deyil. Ermənistan Baş naziri Paşinyan ABŞ-nin vasitəçiliyində maraqlıdır və bu kontekstdə Gürcüstanın paytaxtında mümkün görüşə hazırdır. Artıq ötən günlərdə Ermənistandan verilən açıqlamada Tbilisi görüşünə müsbət baxdıqları vurğulanıb”.
  Analitik qeyd edib ki, Rusiya növbəti dəfə bölgədə sülhyaratma prosesini pozmağa çalışacaq: "Rusiya yenə danışıqları pozmaq üçün xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə çalışır. Amma İrəvan belə bir görüşdə maraqlı deyil. Artıq bir dəfə Lavrovun təşəbbüsü ilə keçirilən görüşə qatılmaqdan imtina ediblər. Bu, hələ də Rusiyada müzakirə mövzusudur. Lavrov və Zaxarova az qala hər açıqlamalarında bunu İrəvana xatırladırlar. Lavrovun sözçüsü Zaxarovanın Ermənistana ünvanladığı son açıqlamalarından biri isə hədələyici tonda idi. Kremlin səylərinə baxmayaraq, Paşinyan ölkəsini Rusiyadan uzaqlaşdırmaqda israrlı və istəkli görünür. Bunun yolu isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Hesab edirəm ki, yaz aylarında Ermənistanda keçiriləcək konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni sənədlərin imzalanacağı gözlənilir”.