Türkiyədə növbəti seçkilərdə iqtidarın dəyişəcəyi ehtimalı çox yüksəkdir

  Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib ki, seçkinin 14 mayda keçiriləcəyini düşünmür. Onun iddiasına görə, seçki əvvəl müəyyən olunmuş tarixə, iyunun 18-nə qala bilər. Jurnalistin “Türkiyə Böyük Millət Məclisi (TBMM) seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib: “Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”. Bəzi ekspertlər də Türkiyədə prezident seçkilərinin iyuna kimi gecikdirilə biləcəyini düşünürlər. Lakin əsas məsələ baş vermiş faciənin siyasi proseslərə və seçkiyə necə təsir göstərəcəyididir. 
 
 REAL Partiyasının sədr müavini Natiq Cəfərli də qeyd edib ki, Türkiyədə növbəti seçkilərdə iqtidarın dəyişəcəyi ehtimalı çox yüksəkdir. Onun sözlərinə görə, yeni iqtidar Türkiyənin daxili problemlərinə, sistem dəyişikliklərinə, fəlakətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına fokuslanmağa məhkum olacaq: 

"Dövlət institutları son 20 ildə zəifləyib. Yeni iqtidar dünyada özünü təsdiq etməyə çox zaman və güc sərf edəcək ki, bu da Türkiyənin xarici siyasətdə aktivliyinə, istər-istəməz təsir göstərəcək. Türkiyədə iqtidara kimin gələcəyindən asılı olmayaraq, Azərbaycanla dost, qardaş münasibətlər, stateji müttəfiqlik dəyişməyəcək. Amma rəsmi Ankaranın bəzi regional məsələlərə müdaxilə imkanları azala bilər. Azərbaycan olaraq bunu nəzərə almalı, digər müttəfiqlik münasibətlərini dərinləşdirməliyik. Bunun üçün Qərblə, AB ilə, əsasən də Britaniya və ABŞ ilə daha yaxşı münasibətlər alqoritmi qurulmalıdır".