Açar nə Moskvada, nə də Brüsseldədir

Sülh sazişinin imzalanması iki tərəfin - Bakı və İrəvanın qarşılıqlı dialoqundan asılıdır

Yücel Karauz: “Görüşlərin nəticəsində Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək sülh prosesinə öz töhfələrini verəcəklər"
 


  "Azərbaycan tərəfi 44 günlük müharibədən dərhal sonra Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərlə görüşmək təşəbbüsləri ilə çıxış edib". Bu barədə millət vəkili, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov bildirib. Deputatın sözlərinə görə, Qarabağ erməniləri ilə görüş öz formatına görə ilkdir: "Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub”. R.Məmmədov bəyan edib ki, təəssüratlara görə, ilkin təmas baş tutmuş sayıla bilər. Qeyd edək ki, Azərbaycan tərəfi Ruben Vardanyana Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə praktik təmaslara başlanılacağı bildirmişdi. Bu görüş də daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələrin Bakı, Gəncə, yaxud Ağdamda da baş tuta biləcəyi deyilir. 
  Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz "Şərq"ə açıqlamasında bildirib ki, 44 günlük müharibənin yaratdığı reallıqdan sonra Qarabağda hansısa qondarma rejimin varlığından, separatçıların idarəetməsindən söhbət belə gedə bilməz. General deyib ki, Münhen Konfransında dövlət başçısı İlham Əliyev növbəti dəfə bəyan etdi ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" deyilən yer yoxdur: 

"Azərbaycanda tarixi Qarabağ regionu və Qarabağın da müəyyən hissəsində yaşayan ermənilər var və onlar Azərbaycan vətəndaşları sayılır. Qarabağda yaşayan ermənilərlə Azərbaycan hökumətinin nümayəndələrinin görüşünü normal qarşılamaq lazımdır. Sülh prosesi çərçivəsində Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası, onların da ölkənin istənilən bölgəsində yaşayan vətəndaşlarla eyni hüquqa sahib olması, rahat yaşaması təbiidir. Məlumdur ki, Ermənistan tərəfi davamlı olaraq Qarabağdakı ermənilərə "status" verilməsi tələbi ilə sülh danışıqlarını pozur, manipulyasiya ilə məşğul olur. Bunu aradan qaldırmaq lazımdır". 
  Y.Karaüz vurğulayıb ki, Cənubi Qafqaza sülhün gəlməsində həlledici rola malik güc nə Moskva, nə də Brüsseldir: "Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması iki tərəfin Bakı və İrəvanda qarşılıqlı olaraq görüşməsindən asılıdır. Dəfələrlə söyləndiyi kimi Qarabağda yaşayan ermənilər orada qalmaq istəyirsə, Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul etməlidir. Belə görüşlər uzun zamandır Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər üçün də çıxış yoludur. Həm də rəsmi Bakının uzaqgörən siyasətinin tərkib hissəsidir. Əminəm ki, görüşlərin nəticəsində Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək sülh prosesinə öz töhfələrini verəcəklər".