İrəvan Kremlin nəzarətindən çıxa bilməz

Rusiya Ermənistanda hərbi təlimlərlə elə Paşinyan hakimiyyətinin özünə mesaj verir


  Rusiya ordusunun hərbçiləri Ermənistanda təlim keçirib. Silahlı Qüvvələrin Cənub Hərbi Dairəsinin məlumatına görə, təlimdə motoatıcı bölmələr və hava hücumundan müdafiə qüvvələrinin pilotları iştirak ediblər. Uçuşlara 130-dan çox hərbçi, 20 xüsusi texnika, o cümlədən MiQ-29 təyyarələri qatılıb. Təlim çərçivəsində şərti hədəflər sıradan çıxarılıb. Xatırladaq ki, martın 27-də Rusiyanın Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı hərbçiləri dağlıq ərazilərdə təlim keçirib. Martın 29-da isə hərbi bazada xidmət edən pilotlar və tankçıların təlimləri təşkil olunub. Ekspertlər Ukrayna ilə müharibə aparan Rusiyanın indiki məqamda Ermənistanda təlim keçirməsinin Azərbaycana, eyni zamanda Paşinyan hökumətinə mesaj xarakteri daşıdığını düşünürlər. 
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə bildirib ki, Ukrayna ilə müharibə vəziyyətində olan və bu səbəbdən ciddi təzyiqlərə, sanksiyalara məruz qalan Rusiyanın yenidən hərbi gücə müraciəti məntiqsiz addımdır. Partiya rəhbəri deyib ki, bir ildir Ukrayna və dolayısı ilə Qərblə savaşan Rusiyanın vəziyyəti yaxşı deyil: "Ölkənin iqtisadi vəziyyəti bərbaddır və daxildə ciddi gərginlik müşahidə olunur. Ukrayna ilə müharibədə uğursuzluq rus ordusunun və texnikasının nəyə qadir olduğunu da ortaya qoydu. Belə vəziuyyətdə Moskvanın güc nümayişi anlaşılan deyil. Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açması ancaq və ancaq öz ziyanınadır. Rusiyanın addımlarında və qərarlarında məntiq axtarmaq yersizdir. Reallıq isə odur ki, Kreml bütün işlərini hərbi gücə, silaha söykənməklə həll etməyə çalışır. Ermənistandakı təlimlər də hərbi gücün nümayişidir. Hər şeyin qaydasında olduğunu, lazım olarsa, bir neçə cəbhədə savaşa biləcəyini göstərməyə çalışır. Əlbəttə ki, həm Azərbaycana və müttəfiqimiz Türkiyəyə, həm də İrəvan hökumətinə müəyyən mesajlar vermək niyyəti güdür. Qarabağda lehimizə baş verənlərdən duyulan narahatlığın təzahürüdür. Həmçinin Ermənistana xəbərdarlıqdır ki, İrəvan Kremlin nəzarətindən çıxa bilməz, ölkədə Rusiyanın hərbi bazası var və s. İndiki halda Rusiyanın hərbi təlimlərini bu cür dəyərləndirmək olar".