Türkiyədə seçkilər bu dəfə çox gərgin keçəcək

Hələ cəmiyyətdə ciddi mənada "kimə səs verəcəyik" sualı var


  Türkiyədə prezident və parlament seçkisi öncəsi rəqib ittifaqlar arasında mübarizə kəskinləşməkdə, maraqlı proseslər yaşanmaqdadır. “Hürriyet” qəzeti yazıb ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezident seçkilərində "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürməkdən imtina edib. Partiya liderləri bir araya gələrək müzakirə aparıblar. Bir saatdan çox davam edən kritik görüşdən sonra açıqlama verən Kılıçdaroğlu vahid namizədlə bağlı razılaşmaya dair hər hansı fikir səsləndirməyib. Sadəcə bildirib ki, Məhərrəm İncə də Türkiyənin problemlərinə onun qədər həssas yanaşır: “Problemləri müzakirə etmək və həll yollarını tapmaq mənim və cənab İncənin borcudur”.
Prezidentliyə namizədliyini geri götürmədiyini deyən İncə isə bildirib ki, Kılıçdaroğlu ilə eyni şeyə, lakin fərqli üsullarla nail olmaq istəyirlər: “Biz bir məsələdə razılaşdıq ki, Ərdoğan getməlidir”. Xatırladaq ki, Türkiyədə seçkilər 2023-cü il mayın 14-də keçiriləcək. İndiyədək dörd siyasətçinin prezidentliyə namizədliyi təsdiqlənib. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və altı müxalifət təşkilatının yaratdığı “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Namizədlərin son siyahısı martın 31-də açıqlanacaq. Aprelin 1-də Yüksək Seçki Qurumunda namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq. Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu siyasi kampaniyada 64 milyondan çox seçici səs verəcək.

  Türkiyədə yaşayan yazıçı-jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı Oktay Hacımusalı "Şərq"ə açıqlamasında bildirib ki, budəfəki prezident və parlament seçkilərinin digər seçkilərdən fərqli olaraq gərgin keçəcəyi indidən bəllidir. Ekspert deyib ki, anket sorğularına görə, 4 namizədin içərisində prezidentliyə ən şanslı və real namizəd hazırkı dövlət başçısı, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğandır:

 "Amma nəticə etibarı ilə bu, seçkidir. Ola bilər ki, əsas namizədlər hesab olunan iki tərəf, yəni R.T.Ərdoğan və "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 50 faizin üzərində səs yığa bilməsinlər və seçki ikinci tura qalsın. Hər bir namizədin ayrı-ayrılıqda Türkiyə siyasətindəki roluna nəzər yetirmək lazımdır. Rəcəb Tayyib Ərdoğan 20 ildən çoxdur ki, Türkiyəni idarə edir. Son iki seçkidə Ərdoğan təkbaşına iqtidar olub, şəxsən özü seçki kampaniyasında iştirak edib, mübarizə aparıb. Ətrafında böyük komanda var. Şübhəsiz ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP)-nin rıçaqları böyükdür. Ancaq bu rıçaqlara rəğmən, Ərdoğanın özünün də qeyd etdiyi kimi, partiyada yorğunluq var. Yəni partiya əvvəlki şövqlə siyasi fəaliyyətini həyata keçirə bilmir. Bu məsələ dəfələrlə müzakirə predmeti olub. Hətta hakim AKP-nin yeni dönəmə necə girəcəyi, hansı islahatları aparacağı partiya daxilində ciddi müzakirə mövzusuna çevrilib. Görünür, bu müzakirələr seçkilərdən sonra da davam edəcək. Hakim partiyanın prezident seçkisində qalib olmaq şansı yüksəkdir, lakin parlament seçkisində çətinlik yaşaya bilər. Ancaq "Cümhur İttifaqı"na daxil olan partiyaların, yəni Milliyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Hüda Par, Yenidən Refah Partiyası və Doğu Perinceyin rəhbərlik etdiyi Vətən Partiyasının ittifaqı nəticəsində parlamentdə müəyyən güc, koalisiya formalaşa bilər. Hazırda MHP-nin səslərində düşüş yaşanır. Hakim AKP millət vəkilliyinə namizəd məsələsində yeni simaları deyil, illərlə yol qət etdiyi, ideologiyalarına sadiq qalan, cəmiyyətdə nüfuzu olan nazirləri, idarə rəislərini irəli sürdü. Bunların arasında vitse-prezident Fuad Oktay da var. Yəni hakim partiya siyasi səhnəyə güclü namizədlərlə çıxmağı hədəfləyir. Təbii ki, yetərli səsi qazana biləcəyi sual altındadır. Qeyd edim ki, budəfəki parlament Türkiyə tarixində yeni dönəmə keçid kimi xarakterizə olunur. Müxtəlif düşüncə və fikirlərin parlamenti olacağını deyirlər. Çünki orada bütün siyasi güclər təmsil olunacaq". 

  O.Hacımusalı vurğulayıb ki, müşahidələrə görə, "Millət İttifaqı" daha aktiv, fəal görünür və bu fəallıq cəmiyyətdə çaşqınlığa səbəb olur:

 "Yəni insanlar kimə səs verəcəkləri ətrafında düşünür, götür-qoy edirlər. Seçkiyə təqribən bir aylıq zaman qalmasına baxmayaraq, hələ cəmiyyətdə ciddi mənada "kimə səs verəcəyik?" sualı var. "Cümhur" və "Millət" ittifaqlarından əlavə "ATA" ittifaqının yaranması, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini irəli sürməsi insanlarda müəyyən seçim imkanı yaratsa da, bitərəf qalmağı üstün tutan, seçkiyə getmək niyyətində olmadığını söyləyənlər də var. Vurğulamaq lazımdır ki, narazılıq əsasən milliyətçi qanaddan idi. Həm MHP sədri Dövlət Baxçalını, həm İYİ partiya sədri Meral Akşeneri və Ümid Özdağı bəyənməyən, yol xəritəsi cızmaqda çətinlik çəkən sağ-mühafizəkarda, milliyətçi-ülkücü kəsimdə qərarsızlıq, sistemsizlik mövcud idi. "ATA" ittifaqının vahid namizədi, milliyətçi Sinan Oğanın namizədliyi bu problemin həllinə çevrilə bilər. Əgər prezident seçkisi ikinci tura qalarsa, o zaman həm Sinan Oğan, həm də Məhərrəm İncə həlledici səs potensialına sahib olacaqlar və gələcəkdə kimin prezident olacağına yön verəcəklər. Düşünürəm ki, həm Sinan Oğan, həm Məhərrəm İncə Türkiyənin stabilliyinin təminatçısı olacaqlar. Yəni öz dəstəklərini hakim AKP-yə verəcəklər. Sosial mediada israrla "Cümhur İttifaqı"nın seçkidə məğlub olacağını, "Millət İttifaqı"nın qazanacağını iddia edənlər var. Lakin ittifaq daxilindəki partiyalara baxsaq, görərik ki, seçkidə qalib olsalar belə "Millət İttifaqı"nın güclü Türkiyənin gələcəyi, geosiyasi vəziyyətin davamlılığı üçün atacağı addımların nədən ibarət olacağı sual altındadır. Çünki ittifaqda yer alan siyasi partiyaların heç birinin vahid düşüncəsi, konsepsiyası yoxdur. Təsəvvür edin ki, indiki CHP Mustafa Kamal Atatürkün getdiyi yolla əlaqəsi olmayan marjinal bir qrupun əlində oyuncağa çevrilib. İYİ Partiya əvvəllər öz içində millətçi, ülkücü qanadı himayə edirdisə, Yavuz Aliağıroğlu və Koray Aydının sədr müavinliyindən uzaqlaşdırılmasından sonra partiyada rəhbərliyə qarşı ciddi etiraz formalaşdı. Rəhbərlik isə tənqidlərə cavab olaraq bildirdi ki, İYİ Partiya artıq milliyətçi və ülkücü maraqlara xidmət edən təşkilat yox, sağ-mərkəzçi yolu izləyən partiyadır. Y.Alıağıroğlunun istefası və rəhbərliyin açıqlaması İYİ partiyadan müəyyən qopmaların olacağının anonsu idi. Bu kataklizmlər, şübhəsiz, "Millət İttifaqı"nın səs faizinə təsirsiz ötüşməyəcək. Hətta İYİ Partiyaya veriləcək səsin müəyyən hissəsinin "Cümhur İttifaqı"na getməsi, nəticədə Meral Akşenerin məcburiyyət qarşısında qalaraq "Cümhur İttifaqı"na meyillənməsi ehtimalı da mövcuddur. Əslində bu, bir müddət öncə də baş verə bilərdi, ancaq hansısa qüvvə Akşenerin "altılı masa"dan qalxmasına imkan vermədi". 

  Jurnalist bəyan edib ki, sabiq baş nazir Ahmet Davudoğlunun sədri olduğu Gələcək Partiyasının siyasi sferada hansı addımlar atacağı da qeyri-müəyyəndir:

 "Ümumiyyətlə, bu partiyanın strategiyası bəlli deyil. Nəzərə alaq ki, Davudoğlu hakimiyyətdə olduğu dövrdə AKP-nin və Ərdoğanın odlu-alovlu müdafiəçisi, dəstəkçisi olub. Vəzifədən və partiyadan uzaqlaşdırıldıqdan sonra Ərdoğana qarşı mövqe sərgiləməyə başladı. Ola bilər ki, siyasi texnoloq olaraq Davudoğlu xarici siyasətdə ciddi fiqur sayılsın, amma daxili siyasətdə bunu demək olmaz. Ona etimad azdır, çünki insanlar haqlı olaraq sual edirlər ki, əgər belə problemlər var idisə, niyə bunu Ərdoğanın yanında olanda dilə gətirmirdi? Ali Babacanın və rəhbərlik etdiyi DEVA partiyasının isə proseslərə yanaşması çox fərqlidir. Onun HDP ilə bağlı fikirləri, əlaqələri ortadadır. İslamçı Səadət Partiyasının bu ittifaqda yer alması da ictimaiyyətdə anlaşılmazdır. Xalqların Demokratik Partiyası (HDP) haqqında fikirlər isə birmənalı deyil. Türkiyədə böyük əksəriyyət HDP-nin terrorçu PKK-nın siyasi qanadı olduğunu bildirirlər. HDP-dən olan millət vəkillərinin ya özləri, yaxud yaxın qohumları PKK ilə əlaqədə olublar. Bəlkə də hələ əlaqələri davam etməkdədir. Seçkidə hansı ittifaqın qalib olacağını, bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək. Azərbaycan pəncərəsindən proseslərə baxsaq, şühəsiz ki, biz Azərbaycan-Türkiyə münasibətlərinin olduğu kimi davam etməsinin, qırılma yaşanmamasının tərəfdarıyıq. Ancaq "Millət İttifaqı"nın bu məsələdə yanaşması bir az fərqlidir. İttifaqda təmsil olunan partiya təmsilçilərinin Azərbaycanla bağlı fikirlərinə diqqət yetirsək, iqtidar dəyişikliyində Azərbaycanı nələrin gözlədiyini görə bilərik. Sadəcə bir məqamı xatırladım ki, 44 günlük müharibə zamanı CHP-nin sədr müavini Ahmet Ünal Çeviköz "Türkiyə Azərbaycana cihadçıları göndərir" iddiasını səsləndirmişdi".