İran Qarabağdakı separatçılığı təşkilatlandırmağa çalışacaq

Tehranın diplomatik trafikdəki dəyişikliklərini də izləmək lazımdır

Vəziyyət getdikcə həm aydınlaşacaq, həm də bu aydınlaşmalardan sonra daha da mürəkkəbləşəcək

  İran ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib. Heydəri öz cəfəng fikirlərində Azərbaycanda, guya, “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib.

O, eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyib. Azərbaycan Müdafiə Nazirliyi iranlı generalın ittihamını cavabsız qoymayıb. Nazirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyil. Heydəriyə xatırladılıb ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb: "Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilib. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır". Açıqlamada deyilib ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: "44 günlük Vətən müharibəsində Azərbaycanın, guya, İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyil. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksəkçinli hərbçisi tərəfindən irəli sürülməsi istehza doğurur və gülüncdür".
  Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Müdafiə Nazirliyinin bəyanatının mətni Tehranın addımlarının terrorla tövsif edilməsində yeni səhifədir. Analitikə görə, İranın ənənəvi “sərhədlərin dəyişməyinə icazə vermərik” tezisini, “regionda İŞİD terrorçularından istifadə edilir” kimi boşboğazlığını təkrarlayan Heydərini yerində oturdan cavabda iki element diqqət çəkir:

"Birincisi, Müdafiə Nazirliyi rəsmi şəkildə İranın terrorizmi dəstəklədiyini deyir. Bu, ümumi panoramda yeni arqument olmasa da, Müdafiə Nazirliyi tərəfindən dilə gətirilməsi yenilikdir.
Yəni MN deyir ki, İran regiondakı terrorçuluq fəaliyyətini hərbi təxribatlar, xarici qüvvələrin bölgədəki fəaliyyətini bəhanə edərək pərdələyir. Azərbaycanın hərbi kəşfiyyatında İranın regiondakı vəziyyəti hərbi ritorika ilə qızışdırmasına dair ciddi məlumatlar var. İkincisi, nazirliyin bəyanatında Fransa ilə Ermənistanı İranın iki əsas müttəfiqi kimi xarakterizə etməklə Tehranla Parisin eyni ox üzərindən Azərbaycana qarşı fəaliyyətinə işarə verə bilər. Fransa öz kəşfiyyatı vasitəsilə dünyadakı çəkişmə bölgələrində iştirak edərək qlobal nüfuzda itirilən çəkisini bərpa etməyə, bununla da diktəli məzmunlar yazmağa çalışır. Bu mənada MN-in bəyanatının Fransaya toxunan hissələrinin mahiyyətini diqqətdə saxlamaq lazımdır. Hələlik bu məntiq doğur ki, Fransa Avropa İttifaqının Ermənistana yerləşdirilən missiyasının köməyi ilə Azərbaycana qarşı hərbi təxribatların həmmüəllifi olmaqda maraqlıdır. Parisin Tehranla koordinasiyada olub-olmadığına dair ciddi sayılacaq aydın dəlillər yoxdur. Lakin hadisələri, maraqları nəzərdən keçirəndə onların Azərbaycana münasibət məsələsində yola getdiklərini deməyə əsaslar taparıq. Vəziyyət getdikcə həm aydınlaşacaq, həm də bu aydınlaşmalardan sonra daha da mürəkkəbləşəcək".
  Ekspertə görə, vəziyyətin mürəkkəblik dərəcəsini İranın İŞİD terrorçuları iddiası, Azərbaycana qarşı Ermənistanın xeyrinə vurnuxması fonunda yeni təxribatlar ata biləcəyi ilə əlaqələndirmək olar: "Bu tezislərdən yola çıxaraq, İranın diplomatik trafikdəki dəyişikliklərini də izləmək lazımdır. İran Suriyadakı keçmiş səfiri Mehdi Subhanini Ermənistana səfir təyin etmək qərarına gəlib ki, bunu sıradan bir rotasiya qaydası kimi anlamaq olmaz. Niyə? Ona görə ki, Mehdi Subhani Suriyada İranın proksi qüvvələrinin ayaqlanmasına töhfələr verib. Deməli, İran Qarabağdakı separatçılığı təşkilatlandırmağa çalışacaq. Hərçənd ki, Laçın yolunun bağlanmasından sonra bu, müşkül görünür. Yeni diplomatı Ermənistanla Azərbaycanın sərhədindəki vəziyyəti xaotik nəticələrə kökləmək üçün təlimatlandıracaq".