"Geniş miqyaslı müharibə İran üçün çox risklidir"  - ŞƏRH

"Türk dünyasının inteqrasiyasından və güclənməsindən narahat olan qüvvələr İrana açıq ya da örtülü dəstək verə bilər"

"44 günlük Vətən müharibəsindən dərhal sonra bildirmişdik ki, İran Azərbaycana qarşı təxribatlarını artıracaq və Azərbaycanla kiçik də olsa münaqişəni arzulayacaq".

"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Araz Aslanlı deyib. 


Analitik bildirib ki, İran 44 günlük müharibə boyunca "oyundankənar vəziyyətdə" qalmasını həzm edə bilmir və onun durumunda olan digər da yanına alaraq gedişatı dayandırmağa, mümkün olsa Ermənistanın "revanş"ına nail olmaq istəyir: 

"İran indiki Azərbaycanı qismən, amma gələcəkdəki Azərbaycanı ciddi təhlükə mənbəyi kimi görür və buna mane olmağa çalışır. Bunu üçün bir yandan Ermənistana dəstək göstərir, digər yandan Azərbaycan üçün problemlər yaratmağa çalışır. İran Azərbaycan ilə ABŞ və İsrailin Azərbaycanı dəstəkləyəcəyi kiçik miqyaslı da olsa gərginlik arzulayır. Allah göstərməsin, Şimali və Cənubi Azərbaycandan olan insanların rəsmi əmrləri yerinə yetirərkən bir-birlərinə atəş açmalarını, bir-birlərinə zərər vermələrini istəyir. Bu, İrana daxili ictimai rəyi hakimiyyət ətrafında toplamaq, Cənubi Azərbaycanlıları və İrandakı səmimi dindarları Azərbaycandan uzaqlaşdırmaq, iki Azərbaycan arasında qan düşmənçiliyi görüntüsü yaratmaq üçün lazımdır. Təbliğat şüarı hazırdır: "Azərbaycan dövləti siyonistlərin dəstəyi ilə Müsəlmanları vurdu". Bu səbəbdən israrla təxribat törədir. Qan tökülməsini istəyir. Belə bir münaqişə ilə eyni zamanda Azərbaycan qarşısında Ermənistan və ümumiyyətlə Rusiya rahatlaşdırılacaq. Fransadan əlavə dəstək alınacaq". 

Analitikə görə, türk dünyasının inteqrasiyasından və güclənməsindən narahat olan qüvvələr İrana açıq ya da örtülü dəstək verə bilər: 

"Geniş miqyaslı müharibə İran üçün çox risklidir. Bütövlükdə dövlətçiliyinin yox olması ilə nəticələnə bilər. Amma hazırda Azərbaycan və Türkiyənin bunu çox arzulamadığını düşündüyü üçün təxribatlarını artırır. Başqa bəzi məqamları da qeyd etmək olar, amma hələlik bunlarla kifayətlənək. Azərbaycan və Türkiyə bu mərhələdə maksimum diqqətli və istənilən varinta hazır olmalıdır. İndiyə qədərki strateji xəttin ən vacib xüsusiyyəti bu idi ki, zəruri addımları doğru məqamda atmaq lazımdır, təxribat zamanı deyil. Bu xəttə bağlı qalmaq lazımdır".