Lavrov Türkiyəyə gedir: Qarabağda antiterror əməliyyatı... - ŞƏRH

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla aprelin 6-7-də baş tutması nəzərdə tutulan görüşün təfərrüatlarını açıqlayıb. O bildirib ki, Lavrovla danışılacaq çox mövzu var. 
Nazir deyib ki, tərəflər ikitərəfli əlaqələrlə yanaşı, həm də “Taxıl razılaşma”sının müddətinin uzadılması barədə danışacaqlar:
“Rusiya sazişinin 60 gün uzadılmasına razılıq verib. 120 gün isə hələ ki, konkret deyil, bu barədə də fikir mübadiləsi aparacağıq”.
Çavuşoğlu, həmçinin söyləyib ki, tərəflər Suriya, Liviya və digər regionlardakı durum barədə də danışacaqlar.
 Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, baş diplomatlar Cənubi Qafqazdakı durumu da müzakirə edəcəklər. 
 Məlum olduğu kimi, Ukraynadakı müharibə nəticəsində Rusiya tədricən sivil dünyadan təcrid olunur. Bunun nəticəsidir ki, Rusiya rəsmiləri bir çox ölkələrə səfər edə bilmirlər. Belə bir vaxtda Lavrovun Türkiyəyə səfəri həm də Ankaranın Moskvaya jesti kimi qiymətləndirilə bilər. 
 Ümumiyyətlə, müharibənin ilk günündən etibarən Ankara tərəflər arasında balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Moskva və Kiyev arasında sülh müqaviləsinin imzalanması üçün durmadan çalışan Ankaranın təşəbbüslərini, şübhəsiz ki, hər iki tərəf yüksək qiymətləndirir. 
 Sözügedən görüşdə Ukraynadakı durumun müzakirə olunacağı şübhəsizdir. Yəqin ki, Çavuşoğlu tərəfləri bir araya gətirməyə hazır olduqlarını növbəti dəfə həmkarının diqqətinə çatdıracaq. Hərçənd sülh perspektivi tədricən azalır. Bunu rəsmi Ankara da başa düşür. Buna baxmayaraq, sülh istiqamətində səylərin davam etdirilməsi və qarşıdakı həftələrdə hansısa nəticənin əldə olunması mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində hakim AK partiyaya əlavə xal qazandıra bilər. 
 Çox güman, Lavrov Rusiyanın sülh istədiyini ifadə edəcək və bunun üçün şərtləri söyləyəcək . Nazirin dilindən xüsusilə Rusiyanın təhlükəsizlik qayğılarının ifadə olunması mümkündür.  
 Fikrimcə, Rusiya bu görüşdə "Taxıl sazişi"nin müddətinin uzadılmasına razılıq verə bilər.
 Əlbəttə, digər regionlarla yanaşı, Cənubi Qafqazdakı durum da masada olacaq. Baş diplomatlar, yəqin ki, Ermənistanla Azərbaycan arasında son vaxtlar intensivləşən gərginlik, üçtərəfli bəyanatların icrası, yekun sülh müqaviləsi barədə də fikir mübadiləsi aparacaqlar. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın ata biləcəyi adekvat addımlar, o cümlədən anti - terror əməliyyatı barədə danışılması da mümkündür. Həmçinin nazirlər, yəqin ki, İran- Azərbaycan münasibətləri haqqında da müzakirə aparacaqlar.
 Çox güman, bu, Türkiyədəki parlament və prezident seçkilərindən əvvəl Lavrovun Türkiyəyə sonuncu tərəfidir. Bu mənada nazirlərin görüşünü səciyyəvi hesab etmək olar.
 Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında onların hansı məsələlərdə razılığa gəldikləri, yəqin ki, daha aydın olacaq.