“Yenə eyni həvəslə fəaliyyət göstərəcəm”

Azər Həsrət: “Deputatlar etimad göstərərsə, yenidən İTV-nin Yayım Şurasının üzvlüyünə təsdiqlənəcəyik”  


  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni namizədlər irəli sürülüb. Mətbuat Şurası Azər Həsrət və Aqil Ələsgərin İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyini təklif edib. Digər aidiyyəti qurumlardan da namizədlərin irəli sürüləcəyi vurğulanıb. İctimai Şuraya namizədliklə bağlı "Şərq"ə danışan tanınmış jurnalist, "bayraqdar.info" saytının baş redaktoru Azər Həsrət deyib ki, o, hazırda da İctimai Televiziyanın İctimai Şurasının üzvüdür. Ekspert bildirib ki, 2017-ci ilin aprelində Milli Məclis onun üzvlüyünü təsdiq edib: "Ötən 6 il ərzində Yayım Şurasının birbaşa içindən fəaliyyətini müşahidə etmək imkanım olub. Eyni zamanda İctimai Teleradionun fəaliyyəti ilə bağlı müzakirələrdə iştirak etmişəm. Ümumi qənaətim bundan ibarətdir ki, Yayım Şurası istər mənim üzv olduğum son 6 ildə, istərsə də ondan öncəki 12 il ərzində yetərincə dinamik təşkilat olub. Bu qurum ictimai yayım haqqında qanuna uyğun fəaliyyət göstərib, üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Rəhbər vəzifələrə kadrların təyinatı, baş direktorun seçilməsi, ümumi yayım siyasəti və s. məsələlərdə Yayım Şurası kifayət qədər fəallıq göstərib. Lakin öz fəallığımızı yetərincə işıqlandırmamışıq. Bu da səbəbsiz deyil. Yayım Şurasının iclasları bir qayda olaraq ümumi işin keyfiyyətinin yüksəldilməsi üçün daxili müzakirələr şəklində keçirilir. Ancaq biz orada uğurlarımızla yanaşı, öz çatışmazlığımızı da müzakirə etmişik, təkliflərimizi səsləndirmişik. Bütün iclaslarımızda İctimai Televiziyanın baş direktoru iştirak edib və TV-nin fəaliyyəti ilə bağlı tənqidi fikirlərimizi səsləndirmişik. Şübhəsiz, xeyli uğurlar var və onlarla bağlı fikrimizi bildirmişik". 
A.Həsrət bütün bunların fonunda namizədliyinin yenidən irəli sürülməsini Mətbuat Şurasının etimadı kimi qəbul edib: "Mətbuat Şurası İTV-nin Yayım Şurasında bir nəfərlə təmsil olunur. O baxımdan bunu özümə böyük etimad hesab edirəm. Eyni zamanda ötən 6 il ərzində göstərdiyim fəaliyyətin məqbul və təqdirəlayiq qarşılanması kimi qiymətləndirirəm. Görünür, işimdən razı olublar ki, namizədliyimi yenidən irəli sürüblər. Məsələyə sabah Milli Məclisin Mədəniyyət Komitəsində, daha sonra plenar iclasında baxılacaq. Deputatlar etimad göstərərsə, yenidən İTV-nin Yayım Şurasının üzvlüyünə təsdiqlənəcəyik. Təsdiq ediləcəyim təqdirdə yenə də eyni həvəslə fəaliyyət göstərmək əzmindəyəm". 
  Jurnalist vurğulayıb ki, bunlar bir daha ondan xəbər verir ki, Azərbaycanda, həqiqətən də, ictimai yayımla bağlı cəmiyyət çox diqqətlidir: "Yayım Şurasının üzvləri olaraq bu diqqətdən məmnunuq. Bizdən istənilən hesabatları təqdim etməyə hər zaman açıq olmuşuq. Şəxsən özüm sosial media üzərindən İctimai Yayım Şurası ilə bağlı aparılan müzakirələrdə ən sərt tənqidlərə belə təmkinlə cavab vermişəm. Sosial mediada qeyd olunan tənqidləri Yayım Şurasının iclaslarında səsləndirib müzakirəsinə təşəbbüs göstərmişəm. Yayım Şurasının 9 üzvü var. Sağ olsun həmkarlarım ki, bu təşəbbüslərə hər zaman müsbət yanaşıblar, top-tüfənglə qarşılamayıblar. Əksinə, deyiblər ki, belə məsələlər müzakirə olunmalı, çatışmazlıqlar aradan qaldırılmalı, cəmiyyətin gözləntisinə cavab verilməlidir".