Avropa Birliyi Ermənistanla yeni bir ssenari hazırlayıb


Professor vurğulayıb ki, bu ssenari daha çox Azərbaycanla Rusiyanı üz-üzə qoymağa hesablanıb

  Avropa Birliyi Azərbaycan və Ermənistan arasında şərti sərhəddə gərginliyi azaltmaq üçün qoşunların çıxarılması təklifini etmişdi. Bu təklif Ermənistan tərəfindən müsbət qarşılanıb. Baş nazir Nikol Paşinyan bildirib ki, AB-nin qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır. Paşinyan deyib ki, onlar 2021-ci ildən qoşunları çıxarmağa hazır olduqlarını bəyan edirlər: "Bu cür hərəkətlər Praqa bəyanatı və Soçidəki üçtərəfli bəyanatın əsasında qoyulan məntiqdən irəli gəlir. 

Biz qoşunları Ermənistan-Azərbaycan 1991-ci il sərhəd xətti boyunca təhlükəsiz məsafəyə çəkməyə hazırıq".   Baş nazir deyib ki, söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında mövcud olan inzibati sərhəddən gedir: "Avropa Birliyinin bəyanatında deyilir ki, bu xəttə hörmət edilməlidir". Göründüyü kimi Ermənistanın Baş naziri Nikol Paşinyan “güzgü prinsipi”nin 1991-ci il sərhəd xəttinə uyğun tətbiq edilməsi ideyası ilə çıxış edir. Erməni baş nazirə görə, qoşunlar geri çəkilməli, bundan sonra delimitasiya-demarkasiya prosesi başlanmalıdır. Analitiklərin fikrincə, İrəvan bununla öz planını həyata keçirmək niyyətindədir. 

Nəzərə alaq ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusu dövlət sərhədinin bərpa edilməsi istiqamətində irəliləyiş əldə edib. Bu prosesə işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi sərhədin bərpası da daxildir. Nikolun “güzgü prinsipi” isə Azərbaycan Ordusunun dövlət sərhədinin bərpa edilən istiqamətlərindəki mövqelərindən geri çəkilməsi deməkdir. Erməni baş nazirin qoşunların geri çəkilməsini məhz 1991-ci il sərhəd xəttinə uyğun həyata keçirmək təklifi də İrəvanın maraqlarına xidmət edir. İrəvan bununla SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan əraziləri, o cümlədən Qazaxın işğal altında qalan 7 kəndi və Naxçıvanın Kərki kəndini gündəmdən çıxarmağa çalışır. Rəsmi Bakı birmənalı şəkildə buna qarşıdır. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Avropa Birliyi Ermənistanla yeni bir ssenari hazırlayıb. Professor vurğulayıb ki, bu ssenari daha çox Azərbaycanla Rusiyanı üz-üzə qoymağa hesablanıb:

 "Rəsmi Bakı dəfələrlə İrəvana çağırış etsə də, sərhədlərin delimitasiya və demarkasiya prosesi aparılmayıb. Bu məsələ həllini tapmamış qoşunların qeyri-müəyyən sərhəddən, yəni təmas xəttindən geri çəkilməsi anormal olar. 1991-ci il sənədində sərhədlər dəqiq müəyyənləşməyib ki, indi proses ona uyğun həyata keçirilsin. Ərazilərimizin erməni işğalında 30 ilə yaxın qalması onları "erməni torpağı" etmir ki? Azərbaycan tərəfi işğaldan azad edilən ərazilərimizin təhlükəsizliyini təmin etməlidir. Ermənistanla sərhədlərimizdə qoşunlar, sərhəd qüvvələri dayanmalıdır. Bu, bizim daxili işimizdir. İstəyirlər ki, Azərbaycan öz qoşunlarını geri çəksin və həmin mövqeləri ermənilər ələ keçirsin. Belə olan halda təbii ki, düşmənin layiqli cavabı dərhal veriləcək. Erməni tərəfi də dünyaya car çəkəcək ki, "Azərbaycan Ordusu Ermənistana hücum edir". Bu, həm Avropa Birliyinin "əlinə oynamaqdır", eyni zamanda Rusiyanın maraqlarına uyğundur. Rusiya Qafqazdan çıxmaq istəmir və Azərbaycan-Ermənistan arasında sülh prosesi uzandıqca Kremlin təsir imkanları da artır. Bir qarış da geri çəkilmək olmaz. Sabah bunu əleyhimizə istifadə edərlər. Deyərlər ki, "torpaqlar sizin idisə, niyə geri çəkildiniz". Burada bizə qarşı çox incə və təhlükəli siyasət işlədilir. İrəvan köhnə xislətinə uyğun davranır və elə zənn edir ki, Azərbaycan tələyə düşəcək. Rəsmi Bakı hər şeyi yaxşı görür və İrəvanın hansı addımları ata biləcəyini gözəl bilir".