Saakaşvili artıq "skeletə" çevrilib

Keçmiş prezidentin həbsdən azad edilməsi ancaq müxalifətin hakimiyyətə gəlməsi ilə mümkündür

  Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət kritik olaraq qalmaqdadır. Son günlər vəziyyətinin daha da pisləşdiyi deyilir. Saakaşvilinin anası Qiuli Alasaniya bildirib ki, oğlu "skeletə" çevrilib: "Ayağa qalxanda isə onurğası 100 yaşlı kişi kimi tamamilə əyilir. O, çətinliklə harasa söykənərək sürünür”. Onun sözlərinə görə, oğlu yemək qəbul edir, lakin onun “orqanizmi qidanı uda bilmir”.

Gürcüstanın keçmiş prezidentinin qardaşı David Saakaşvili bir müddət əvvəl bildirib ki, siyasətçi, həqiqətən də, hər an ölə bilər. Onun fikrincə, Saakaşvilini yalnız ixtisaslaşmış xəstəxanaya köçürmək xilas edə bilər. Saakaşvili özü də həbsdə olarkən səhhətinin “kəskin şəkildə pisləşdiyini” və indi “ölmək üzrə olduğunu” deyib. Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib.

  Mixail Saakaşvilinin mövcud durumunu "Şərq"ə dəyərləndirən politoloq Azər Niftiyev deyib ki, sabiq prezidentin səhhətinin pisləşməsi və gürcü hökumətinin ona qarşı qəddar davranışı bilavasitə Rusiya ilə əlaqəlidir. Analitik xatırladıb ki, 2003-cü ilin payız aylarında Qərb-Rusiya savaşının ilk təzahürləri Mixail Saakaşvilinin "məxməri inqilabi" ilə formalaşmışdı:

 "Bu proses keçmiş Prezident E.Şevardnadzenin getməsi və Saakaşvilinin hakimiyyətə gəlməsi ilə nəticələndi. Qısa müddət sonra Ukraynada V.Yanukoviçi V.Yuşşenko əvəzlədi. Rusiyanın nəzarətində olan ölkələrlə Moskva arasında ziddiyyət yarandı. Həmin ölkələrdə rusyönlü qüvvələrin hakimiyyəti sona çatmış oldu. Bir müddət sonra Yanukoviçi yenidən hakimiyyətə qaytarsalar da, formalaşmış demokratiyanı geri çəkə bilmədilər. Məhz bunun nəticəsidir ki, Rusiya özündən kiçik Ukrayna ilə müharibədə məğlubiyyətin bir addımlığındadır. Rusiya eyniylə Gürcüstanla da müharibə etmişdi. Kreml Yanukoviç senarisini Gürcüstanda da təkrarladı. Hazırda qonşu Gürcüstanda iqtidardan olanlar Rusiyaya bağlı qüvvədir. Ona görə də eks-prezident M.Saakaşviliyə hədsiz nifrətləri var. Bu nifrətin kökündə isə Saakaşvilinin postsovet məkanında ilk inqilab edən lider kimi tarixə düşməsi dayanır. Keçmiş prezidentin qeyri-rəsmi yollarla Tbilisidə peyda olması gürcü iqtidarının əlinə fürsət vermiş oldu. Ona görə də bacardıqları qədər Saakaşvilini əzməyə, ona təzyiq göstərməyə çalışır. Düşünürəm ki, ona qarşı təzyiqlər davam edəcək". 
  A.Niftiyev düşünür ki, Saakaşvilinin həbsdən azad edilməsi ancaq müxalifətin hakimiyyətə gəlməsi ilə mümkündür: "Hökumət görsə ki, sabiq prezident həqiqətən son günlərini yaşayır, çox güman onu azadlığa buraxacaq. Lakin o zaman Saakaşvilinin azadlığa çıxmasının mənası qalmayacaq. Əlbəttə, unutmaq olmaz ki, Saakaşvili Gürcüstanın inkişafında, demokratik sistemin oturuşmasında, korrupsiyanın aradan qaldırılmasında, köklü islahatlarda böyük rol oynamış bir siyasətçi idi. Qərbə bağlı olsa da, regional siyasəti düzgün tənzimləməyi bacarırdı. Azərbaycanla da münasibətlərdə çox səmimi idi. Ümid edirik, Gürcüstan hökuməti Saakaşvilinin həbsdən azad edilməsi ilə bağlı qərarı çox gecikdirməyəcək".