Paşinyan sülh istəyirsə, bunu əməli işlə göstərməlidir

Əgər Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırsa, Qarabağdakı proseslərə əsla müdaxilə etməməlidir

  Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında növbəti dəfə Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir bildirib ki, sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələr normallaşdırılmalıdır. Onun sözlərinə görə, söhbət Gürcüstan və İran məsələsində əməkdaşlığın daha da dərinləşdirilməsindən, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından gedir. 

Paşinyan söyləyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar: “Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar. Hökumət onlara rəhbərliyin düşüncə prosesini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. Əgər bu edilməsə, o zaman Ermənistanın inkişafına heç kim imkan verməz”. Baş nazir əlavə edib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək: "Beynəlxalq ictimaiyyət 29 min 800 kv.km ərazini Ermənistan ərazisi kimi tanısa, region üçün sülh gələcək. Ermənistan isə heç bir ölkəyə ərazi iddiasının olmadığını bəyan edəcək".
  Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın sözləri ilə əməlləri ziddiyyət təşkil edir. Professorun sözlərinə görə, Paşinyanın ara-sıra bənzər bəyanatları gündəmə gəlir: "Baş nazir bir neçə dəfə sülhdən danışıb, amma 10 noyabr üçtərəfli sazişinin imzalanmasından ötən iki il ərzində İrəvan hökuməti heç bir ciddi addım atmayıb. Məhz Ermənistana görə sazişin müddəaları yerinə yetirilmir. Qanunsuz silahlı birləşmələr hələ də Qarabağ ərazisindədir. Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir təşəbbüs göstərilmir. Sərhədlərin demarkasiya və delimitasiya prosesi getmir. Paşinyan bəyan edir ki, guya, "Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar", ancaq eyni zamanda rəsmi Bakı ilə imzalanacaq sülh sazişinə "etnik ermənilərin təhlükəsizliyi" ilə bağlı xüsusi maddə əlavə etmək istəyirlər. Əgər Ermənistan rəhbərliyi iddia etdiyi kimi ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanıyırsa, Qarabağdakı proseslərə əsla müdaxilə etməməlidir. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlər də daxili işimizdir. Paşinyan həqiqətən Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, qonşularla əlaqələrin normallaşmasını istəyirsə, əməli işlərlə bunu sübuta yetirməlidir. 

O halda baş nazirin sözləri mahiyyət kəsb edəcək".
  F.Sadıqov Ermənistan baş nazirinin təxribatlara görə daxili və xarici gücləri ittiham etməsinə, orduda "5-ci kolon" iddiasına da münasibət bildirib: "Paşinyan Qarabağ probleminə görə, keçmiş hakimiyyəti, Sarkisyan-Koçaryan cütlüyünü ittiham edir. Bildirir ki, Ermənistanın indiki vəziyyətə gəlməsinin günahı onlardadır. Baş nazirə görə, münaqişə vaxtında başqa yolla həllini tapsaydı, müharibə olmazdı. Ancaq baş nazir yanılır, çünki erməni işğalı, sadəcə, Qarabağla məhdudlaşmamışdı. Ermənistan Azərbaycanın digər bölgələrini də işğala məruz qoymuşdu və torpaq iddialarını davam etdirirdi.

  Paşinyanın ölkədə "5-ci kolon" axtarışı, keçmiş klanı suçlaması daxili auditoriyaya hesablanmış çıxışlardır. Rəsmi Bakının İrəvandan tələbi açıq və konkretdir. Ermənistan sülh müqaviləsini imzalasın və bütün əsassız iddialardan əl çəksin".