Danışıqlar masasında vəziyyət mürəkkəbdir

Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaqda öz maraqları var

  Ermənistan hökuməti ötən ildən bu yana Azərbaycanla aparılan danışıqlarla bağlı hesabat açıqlayıb. Danışıqların 5 istiqamətdə həyata keçirildiyi bildirilib. Bunlar - sülh müqaviləsi, “Qarabağ problemi”nin həlli, nəqliyyat və iqtisadi kommunikasiyaların yaradılması, sərhədlərin demarkasiyası və təhlükəsizlik-humanitar məsələlərdir. Hesabatda qeyd olunub ki, rəsmi İrəvanın əsas prioriteti 29,8 min kvadratkilometr ərazidə təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan bununla bağlı rəsmi mövqeyini açıqlayıb. 

Dövlət başçısı İlham Əliyev bu ilin martında bəyan edib ki, “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var, bizim şərtlərimizi qəbul etməlidir. Rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”. Ermənistanın mövqeyi belədir ki, Qarabağ məsələsini sülh sazişindən ayıra bilərlər, lakin bunun üçün “Xankəndi-Bakı” formatı qurulmalı, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmlər formalaşdırılmalıdır. Analitiklərin fikrincə, bu, separatçıları “tərəfə” çevirmək, “ermənilərin hüquq və təhlükəsizliyi” adı altında iddialarını davam etdirmək deməkdir. Ötən gün Baş nazir Nikol Paşinyan parlamentin iclasında deyib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Onun sözlərinə görə, sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir: "Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”. Nikol Paşinyan İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yenidən vurğulayıb: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”. Hökumət başçısının sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin bütün dövrü ərzində "öz müqəddəratını təyinetmə hüququ" və ərazi bütövlüyü prinsipləri yan-yana dayanıb: "Ermənistan tərəfi bununla özünü və Qarabağdakı erməniləri aldadıb".

  Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, müəyyən amillər reallığın verilən müsbət bəyanatlardan fərqli olduğunu göstərir. Ekspert vurğulayıb ki, əsas amil geosiyasi oyunçuların bölgədə vasitəçilik üzərindən apardığı mübarizə və bunun tərəflərə təsiridir: 

"Qarabağ və regional məsələlərə yanaşmada Qərb və Rusiya masasında fərqlər var. Qərbin Qarabağ məsələsinə yanaşması Bakının istədiyinə uyğundur. Kommunikasiyanın açılması və sərhədin delimitasiyası ilə bağlı yanaşması əksinədir. Rusiyanın sərhədin delimitasiyası və kommunikasiyanın açılmasına (Zəngəzur dəhlizi) yanaşması Bakının istəyinə uyğun gəlir, Qarabağ məsələsində əksinədir. Bu fərqlər uzlaşmanı çətinləşdirir. Ermənistan isə sülh müqaviləsini Qərb masasındakı razılaşmalarla imzalamağa çalışır. Proseslərin bu istiqamətdə inkişafı, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olduğu müddətdə sülh sazişinin Qərb masasında imzalanması Bakı üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan tərəfi beynəlxalq konsensusa nail olmaqdan yanadır. Bu hələ mümkünsüz görünür".

  Politoloq qeyd edib ki, Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaqda öz hədəfləri var: "Qarabağ məsələsini Bakı-Moskva xəttindəki problemə çevirirlər. "Bakı-Xankəndi" formatı, eləcə də erməni əhalisinin "hüquq və təhlükəsizliyi" kimi məsələlər üzərindən Qarabağda “hüquqi münaqişə” yaradırlar. Digər yandan kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edirlər. 29,8 min km ərazini saxlamağa çalışırlar. Paşinyanın da bildirdiyi kimi, bu, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin saxlanılması, delimitasiya-demarkasiya prosesinin bu xətlərə uyğun aparılması deməkdir. Bununla SSRİ dövründə Ermənistana bağışlanan ərazilərimizin qaytarılması perspektivi sıradan çıxır. Eləcə də müharibədən sonra ordu bərpa olunan sərhəddən geri çəkilir. Danışıqlar prosesində vəziyyət kifayət qədər mürəkkəb görünür və məsələ heç də Paşinyanın bəyan etdiyi kimi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə həll olunana bənzəmir".