Rusiyanın məqsədi:"Basqını azaltmaq istəyir" - RƏY

 Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib. Məlumata görə, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.
Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnikdir və müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir. 

  Qeyd edək ki, Azərbaycan tərəfi haqlı olaraq Qarabağdakı rus sülhməramlılarından narazılığını ifadə edir, əsaslı iradlarını bildirir. Maraqlıdır ki, erməni tərəfi də rus sülhməramlılarından giley-güzar etməkdədir. Təbii ki, ermənilərin dərdi başqadır. İrəvan hesab edir ki, rus sülhməramlıları "ermənilərin müdafiəsini" layiqli yerinə yetirmir, rəsmi Bakının addımlarına "göz yumur". 
  Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya bu tipli addımlarla regiondakı gərgin vəziyyəti yumşaltmağa çalışır. Analitik vurğulayıb ki, uzun müddət davam edən ekofəalların aksiyası, köhnə yoldan yeniyə keçidin təmin edilməsi, sonra nəzarət-buraxılış məntəqəsinin qurulması və s. hadisələr Rusiya üçün böhranlı vəziyyətdir: "Rus sülhməramlılarının rəhbəri Volkov isə bu böhranlı vəziyyəti idarə etməyi bacarmadı. Volkov mövcud prosesdən baş çıxarmadı. Hansısa formada tərəfləri barışığa, razılığa gətirə bilmədi. Bölgədə ciddi gərginlik vüsət almağa başladı. Həm Azərbaycan, həm də Ermənistan Rusiya sülhməramlı kontingentin fəaliyyətindən açıq-aşkar narazıdır. Bu da Kreml üçün ciddi problemlər yaratdı. İndi Moskva çalışır ki, sülhməramlıların rəhbərini dəyişdirməklə üzərindəki gərginliyi atsın. Rusiya bənzər addımı əvvəl də atıb. Bundan əvvəlki komandan Rüstəm Muradova qarşı Azərbaycan cəmiyyətində çox ciddi nifrət yaranmışdı. Məhz bu antipatiyanı aradan qaldırmaq üçün Muradov Volkovla əvəzləndi. Volkovun kənarlaşdırılması ilə bağlı xəbərlər də eyni senariyə xidmət edir. Məqsəd sülhməramlılar üzərindəki basqını mümkün qədər azaltmaqdır".