Tarixi zəfər: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəmiz quruldu

Bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük diplomatik zəfərlərindən biri oldu

  Uzun müddətdir Azərbaycanın Xankəndi şəhərində məskunlaşan qeyri-qanuni erməni silahlı dəstələrinin bölgəyə silah daşıdığı müşahidə olunurdu. Hərbi təyinatlı yüklərin daşınması 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata zidd olsa da, ermənilərin bütün qanunsuz addımları Rusiya sülhməramlılarının gözü qarşısında baş verirdi. Sülhməramlıların silah daşınmasında ermənilərə yardım etməsi isə səbrimizin daşmasına səbəb oldu. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, nə Ermənistan, nə də Rusiya buna məhəl qoyurdu. Yekunda Azərbaycan öz haqlı mövqeyinə və bütün beynəlxalq hüquqlara uyğun olaraq lazımi və zəruri addımı atdı.

Bununla da xalqımızın səbirsizliklə gözlədiyi tarixi hadisə baş verdi və aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəmiz quruldu. Əlbəttə ki, bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük diplomatik zəfərlərindən biri oldu. Ekspertlərin fikrincə, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın və əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var. Son zamanlar xaricdə ölkəmizə qarşı aparılan çirkin təbliğatın əsas iddialarından biri odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin edə bilməz. Həmçinin guya, Bakının məqsədi burada "etnik təmizləmə" həyata keçirməkdir. Bu təbliğata uyan bəzi dövlətlərin rəsmiləri də yersiz olaraq öz çıxışlarında və bəyanatlarında Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin etməyə çağırırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, ancaq cinayətkar elementlər 30 il burada yaşayan insanları girov saxlamaqdadır. Ona görə də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatını Azərbaycandan tələb edən qüvvələr Laçın yolunda DSX postunun qoyulmasını bu baxımdan qiymətləndirməli və alqışlanmalıdır. Hər hansı bir yerdə insanların hüquq və təhlükəsizliyinin təmin edilməsindən bəhs edilərkən həmin ərazidə konstitusiya quruluşunun və legitim dövlət orqanlarının normal fəaliyyətinin bərqərar olunması ilkin şərtlərdəndir. Bu məqsədlə həmin ərazi qeyri-qanuni cinayətkar elementlərdən və silahlı dəstələrdən təmizlənməli və hüququn aliliyi təmin edilməlidir. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağı cinayətkar elementlərdən və qeyri-qanuni silahlı birləşmələrdən azad etməklə, buradakı erməni əhalisini uzun illərin girovluğundan azad edəcək. Eyni zamanda onların həqiqi hüquq və təhlükəsizliyini təmin etməyə imkan verəcək. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması həm qonşu ölkələrdə, həm də beynəlxalq aləmdə rezonans doğurub. Rusiya Xarici İşlər Nazirliyinin aprelin 24-də açıqlanmış bəyanatında belə deyilib: “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında, Ermənistan-Azərbaycan təmas xəttində, habelə rəsmi Bakı və İrəvan arasında dialoqda yaranmış vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə edirik”. Bəyanatda qeyd olunub ki, Rusiya bölgədə atəşkəs rejiminin pozulması hallarının, habelə hər iki tərəfdən qurbanların verilməsi ilə nəticələnən insidentlərin artmasından narahatdır: 

"Azərbaycan və Ermənistanın “ictimai məkanında ittihamedici və aqressiv ritorikanın” şiddətlənməsi narahatlıq doğurur. 23 aprel hadisəsinin son inkişafı kontekstində istər Laçın dəhlizinin iş rejimində razılaşdırılmamış dəyişikliyin, istənilən birtərəfli addımların qeyri-məqbul olduğunu xüsusilə qeyd edirik”. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurması Rusiya Federasiyasından əlavə vasitəçilik səyləri tələb edəcək. Peskov etiraf edib ki, Azərbaycanın Laçın dəhlizində sərhəd məntəqəsi qurmasından sonra yaranmış vəziyyət “həqiqətən də sadə deyil” və Rusiya tərəfindən “əlavə səylər”, İrəvan və Bakıdan isə “üçtərəfli bəyanatın həyata keçirilməsinə alternativin olmadığının” başa düşülməsini tələb edəcək: "Moskva üçtərəfli bəyanatların icra olunması üçün vasitəçilik səylərini davam etdirəcək".

  Vaşinqton da Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı "dərin" narahatlığını ifadə edib. ABŞ Dövlət Departamentindən bildirilib ki, bu addım sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır: 

"Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişi və ticarət olmalıdır. Tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribat və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq". 

  Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib ki, AB regiondakı vəziyyətin həllində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır: "Bu məqsədlə Ermənistan ərazisində missiya yerləşdirilib”. 
  Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkələrinin suveren və legitim hüququdur: "Bu addımın üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının da heç bir əsası yoxdur".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən ilk dəfə idi ki, dövlət sərhədlərimiz tam şəkildə nəzarətimizə götrülmüş oldu. Analitik qeyd edib ki, 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamənin imzalanması ilə Laçın dəhlizi müqavilənin şərtlərinə uyğun olaraq Rusiya "sülhməramlıları" Laçın dəhlizinə nəzarəti müqavilənin prinsiplərinə uyğun həyata keçirməli idilər. Amma təəssüflə demək lazımdır ki, 2 il 5 ay 13 gün ərzində Ermənistan və Qarabağdakı separatçı qüvvələr tərəfindən hər cür təxribatlar və qanunsuzluqlar baş verdi. "Sülhməramlılar" isə bütün baş verənləri sanki görməzdən gəlirdilər: "Fransada prezidentliyə namizəd Valeri Pekresin də, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun da Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi üçün şərait yaradılmasının da məsuliyyəti məhz Rusiya "sülhməramlıları"nın üzərinə düşürdü.

  Əlbəttə, baş vermiş bütün hadisələrin əsas kökündə dayanan səbəblərin birincisi isə Rusiya "sülhməramlıları" tərəfindən Laçın dəhlizinə nəzarətin düzgün təşkil edilməməsindən qaynaqlanırdı. Azərbaycan tərəfi ən yüksək səviyyədə xəbərdarlıq edərək 10 Noyabr üçtərəfli bəyannamənin şərtlərinin icrasının vacibliyinə vurğu etmişdi. 

Təbii ki, nə Ermənistan, nə Rusiya, nə də Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın xəbərdarlıqlarına ciddi əhəmiyyət verməməyə çalışırdılar. Azərbaycan üçün qırmızı xəttin tapdanması ötən ilin dekabr ayının 3-dən başladı. Məmurlarımızın və mediamızın Azərbaycanın suveren ərazilərinə buraxılmaması artıq bardağı daşırdı. Həmçinin Fərrux əməliyyatı ilə Azərbaycan səssiz diplomatiya yolunu tutmağa başladı. Yəni səssiz və planlı şəkildə əməliyyatları keçirməklə əsas strateji nöqtələr Azərbaycanın nəzarətinə keçməyə başladı. İndi artıq Laçın dəhlizi Azərbaycanın nəzarətindədir. 

  Hesab edirəm ki, bu addım çox doğrudur və zamanında atıldı. Azərbaycan Prezidenti İlham Əliyevin açıq mətnlə qarşı tərəfə verdiyi mesajlar artıq təcrübədə öz əksini tapmağa başladı".

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da "Şərq"ə bildirib ki, Ermənistanla şərti sərhədimizin Laçından keçən hissəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını hamımız qürur və sevinc hissi ilə qarşıladıq. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması, həqiqətən də, günün ən xoş xəbəri oldu:

 "Bu hadisə 44 günlük Vətən müharibəsindəki Qələbəmiz qədər önəmli və tarixi hadisədir. Sərhədlərimizin bu hissəsinə nəzarət hüququna yiyələnməyimiz bölgədə tamamilə yeni situasiya yaradacaq. Məsələ sadəcə Laçın yolunda sərhəd və gömrük rejiminin bizim nəzarətimizə keçməsindən ibarət deyil. Bu hadisənin baş verməsi ilə ilk növbədə Rusiyanın Ermənistanla birgə "icad" etdiyi "Laçın dəhlizi" hüquqi qüvvəsini itirdi və avtomatik olaraq "dəhliz"dən yola çevrildi. Bu, bizim üçün olduqca mühüm nəticədir. Digər önəmli nəticə isə Xankəndidə Azərbaycan yurisdiksiyasının bərpası istiqamətində prosesin önünün açılmasından ibarətdir. Beləliklə, biz bu tarixi məqamın gerçəkləşməsinə bir addım da yaxınlaşmış olduq. İndi tam əminliklə deyə bilərik ki, biz 44 günlük müharibədə əldə etdiyimiz nəticələrin möhkəmləndirilməsi istiqamətində inamla irəliləyirik. Üçrəngli bayrağımızın Qarabağın ermənilər yaşayan hissəsində dalğalanacağı gün artıq elə də uzaqda deyil".