Səfirin açıqlamasına sərt reaksiya veriblər

Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb

  Çinin Fransadakı səfiri Lou Şayenin televiziya kanallarından birinə verdiyi müsahibə geniş əks-səda doğurub. Aparıcı səfirə “Krım kimindir” sualı ilə müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb. Çin səfiri müsahibəsində daha irəli gedərək ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadıqlarını” bildirib. Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”. 

  "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, çinli səfirin “məntiqinə” görə, Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır: 

"Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı siyasətinə ziddiyyət təşkil etdiyini bildirib.

 Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələyə münasibət bildirməsini istəyir. Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. 

Belə çıxır ki, Kreml Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin ona da haqq qazandıracaq".