Böyük sınaq

Türkiyədəki seçkilər beş illik gələcəyi deyil, həm də növbəti yarım əsri müəyyən edəcək dönüş nöqtəsidir


Beynəlxalq media Ərdoğanla Kamal Kılıçdaroğlu arasında keçəcək yarışı diqqətlə izləyir


  Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri öncəsi təşkil olunan anketlər beynəlxalq medianın gündəmindədir. 
"Şərq" qəzeti Türkiyənin "milliyet.com.tr" saytına istinadən xəbər verir ki, Türkiyədə seçkilərlə bağlı rəy sorğuları ABŞ-dən Rusiyaya, Fransadan Almaniyaya, İrana qədər dünyanın hər yerində diqqətlə izlənilir. Sayt yazıb ki, son bir neçə həftədə aparılan sorğuların nəticələri olduqca diqqətçəkəndir: "Türkiyənin tarixi seçkilərinə cəmi 18 gün qalıb, namizədlər və partiyalar seçki kampaniyalarını gücləndiriblər. Bir çox şəhərlərdə bir-birinin ardınca mitinqlər keçirilir. Beynəlxalq medianın da seçkiyə marağı artmaqdadır. 

  Nüfuzlu "Əl Cəzirə" nəşri 13 dəqiqəlik reportajında "Türkiyə seçkiləri niyə Ərdoğan üçün böyük bir sınaqdır" sualı ilə çıxış edib. Mətbu orqan 20 ildir ölkəni idarə edən prezidenti nəhəng siyasi xadim kimi xarakterizə edib

  “Forbes” jurnalı “Kamal Kılıçdaroğlunun ələvi bəyannaməsinə qarşı Ərdoğanın taktikası ortaya çıxdı” başlıqlı məqalə yayımlayıb. Yazıda müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun yayımladığı ələvi videosuna istinad edilib. Jurnalın yazdığına görə, bərpa edilən Göy məscidin açılışında çıxış edən Prezident Ərdoğan keçmişdə ələvilər üçün atılan müsbət addımları xatırladıb. Ərdoğan müxalifət blokunun Diyanət İşləri Başçılığının bağlanması təklifini də gündəmə gətirib.

  Fransız radiosu "Rfi" öz səsli məqaləsində "seçicilərin Ərdoğandan gözləntiləri nədir?" başlığını seçib. Qeyd olunub ki, mayın 14-nə üç həftədən az qaldığı üçün seçki gərginliyi artmaqdadır: "Türkiyədə çox mühüm səsvermə keçiriləcək. Radio seçki qutusundan hansı nəticənin çıxacağının hələ məlum olmadığını, 85 milyon türkün öz iradəsi ilə prezidenti seçəcəyini bildirib".

  Almaniyanın "Frankfurter Rundşau" qəzeti son rəy sorğularının namizədlər arasında gərgin yarışın keçəcəyinə dəlalət etdiyini yazıb. Nəşr vurğulayıb ki, anketlərdə tərəflərin səs faizlərinin bir-birinə yaxın olması seçicilərin hələ konkret qərar vermədiklərini göstərir. 

  Rusiyanın "RİA" xəbər agentliyi isə Türkiyədəki anketlərin prezident seçkilərinin ikinci turuna işarə etdiyini bildirib. Rusiyanın digər xəbər agentliyi "İnterFAX" da oxucularına bildirib ki, son sorğuların ikisinə görə, Ərdoğan ikinci turda rəqibi Kılıçdaroğlunu qabaqlayıb. "Abzas" saytı "Ərdoğan Türkiyədəki seçkiləri niyə qazana bilər?" sərlövhəli xəbərlə gündəmə gəlib. Sayt bəzi seçicilərin seçki qutusunda fikirlərini dəyişərək Ərdoğanı dəstəkləyəcəyini qeyd edib. Rusiyalı politoloq Karine Qevorqyan bildirib ki, Ərdoğan ilk turda liderliyi ələ keçirə bilər.

  İranın “Tasnim” xəbər agentliyi “Qarşıdan gələn seçkilər Türkiyənin gələcək yarım əsrlik taleyini təyin edəcək” məqaləsini dərc edib. Prezident Ərdoğanın açıqlamalarına yer verən "Tasnim" mayın 14-də keçiriləcək həssas prezident seçkilərinin təkcə Türkiyənin beş illik gələcəyinə aydınlıq gətirməyəcəyini bildirib. Agentlik Ərdoğanın cümləsini sitat gətirib: “Qarşıdan gələn seçkilər ölkəmizin təkcə beş illik gələcəyini deyil, həm də növbəti yarım əsri müəyyən edəcək dönüş nöqtəsidir”.