Dostlarımız artır


Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə iki ölkə arasındakı münasibətlər yeni mərhələyə yüksəldi


  Prezident İlham Əliyev sayca 5-ci dəfə Bolqarıstana səfər edib. Dövlət başçısının Bolqarıstana bundan əvvəlki səfəri ötən ilin 30 sentyabrında, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə baş tutmuşdu. Bolqarıstan Azərbaycan üçün etibarlı tərəfdaş, dost ölkədir. Bu dostluq iki ölkə prezidentləri səviyyəsində də hiss edilir. Təsadüfi deyil ki, 2022-ci ildə olduğu kimi, bu il də Prezidentin Bolqarıstana səfəri Rumen Radevin rəsmi dəvəti əsasında baş tutur. Ümumiyyətlə, son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müşahidə olunan enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır. Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum”u da bunu bir daha sübut edir.

Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də, şübhəsiz, Bolqarıstandır. Ekspertin sözlərinə görə, 2022-ci ildə rəsmi açılışı baş tutan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımdan mühüm əhəmiyyətə malikdir: 

"Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə iki ölkə münasibtələri yeni mərhələyə yüksəldi. Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin Bolqarıstanda rəsmi açılışının baş tutması həm də o baxımdan vacibdir ki, Azərbaycan Türkiyədən sonra Bolqarıstanla da Qara dənizdə aşkarlanan yeni neft və qaz yataqlarının birgə istismar edilməsində ortaq işlər icra edə bilər. İki ölkə arasında siyasi münasibətlər müsbət tendensiya üzrə inkişaf edir. Rəsmi Bakı üçün Bolqarıstan eyni zamanda o baxımdan önəmlidir ki, Sofiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Xüsusilə Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımından Bakı-Sofiya əməkdaşlığı vacibdir".