Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmalıydı

Rusiya, ABŞ, Avropa ölkələri deyirlər ki, tərəflər arasında sülh olmalıdır

“Laçında qeyri-müəyyən vəziyyət qalarsa, sərhədlərin demarkasiya və delimitasiyası necə başa çatacaq?!”


  Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Tərəflər Cənubi Qafqazdakı mövcud durumu müzakirə ediblər. Paşinyan və Mişel Ermənistan-Azərbaycan arasında aparılan danışıqların gedişatını, regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Ermənistan Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Tərəflərin müzakirə mövzusu Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər olub. 

  Politoloq İlqar Vəlizadə "Şərq"ə bildirib ki, Qərb ölkələri, Avropa Birliyi Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasını açıq-aşkar narahatlıq və narazılıqla qarşıladılar. Ekspertin sözlərinə görə, ABŞ və Avropanın məsələyə bu cür reaksiya verəcəyi gözlənilən idi: 

"Qərbin Cənubi Qafqazdakı proseslərə 30 illik qərəzli yanaşması bizi qane etməyib. Şarl Mişel, Cozef Borell, Makron və s. bizim taleyimizi həll etmir. Məhz özlərinin sərgilədiyi mövqeyə görə onların yanaşması bizim üçün maraqsız və əhəmiyyətsizdir. Daim "narahat" olublar, quru bəyanatla, tərəflərə çağırışla işlərini bitmiş sayıblar. Yəni Qərb strukturlarının mövqeyinə bələdik və indi də dəyişən heç nə yoxdur. Müsbət gözləntimiz sıfırdır. Şarl Mişel belçikalıdır. Belçikanın sərhədlərinin bir hissəsi nəzarətsiz olsa, silahlı güclərin davamlı təhdidinə məruz qalsa, hansı addımı atarlar? Reaksiyaları, münasibətləri necə olar? Dünyanı ayağa qaldırarlar. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq, ərazilərinin, sərhədlərinin təhlükəsizliyini təmin edir. Kiminsə bundan narahat olması, kiməsə şikayətlənməsi bizi qətiyyən maraqlandırmır". 

  İ.Vəlizadə vurğulayıb ki, beynəlxalq güclərin problemi hansısa formada həll etmək niyyəti yoxdur: 

"Rusiya, ABŞ, Avropa ölkələri deyirlər ki, tərəflər arasında sülh olmalı, kommunikasiya açılmalı, sərhədlərin müəyyənləşməsi həyata keçməlidir. Laçında qeyri-müəyyən vəziyyət qalarsa, sərhədlərin demarkasiya və delimitasiyası necə başa çatacaq?! Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, ərazi iddiaları davam edərsə, sülh müqaviləsi necə imzalana bilər? Rəsmi Bakının addımları məntiqə əsaslanır. Məqsədimiz sərhədlərimiz daxilində suverenliyimizi qeyd-şərtsiz bərpa etmək və regionda sülhə, sabitliyə nail olmaqdır. Kənar reaksiyaları da əvvəlcədən hesablayırıq və bilirik ki, onların proseslərə real təsir imkanları yoxdur".