İrəvanın iddiası baxılmadan rədd olunub 

Məhkəmənin qərarı Ermənistanın beynəlxalq aləmdə növbəti fiaskosu sayıla bilər

  Azərbaycan tərəfi irqi ayrı-seçkiliklə bağlı Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiaya qarşı ilkin etirazlarını rəsmən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb. Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı gülünc və əsassız iddiasını baxılmadan rədd etməsi Azərbaycanın beynəlxalq təşkilatlarda və diplomatik arenada növbəti qələbəsi sayıla bilər. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında müharibədən sonra informasiya məkanında, beynəlxalq məhkəmələrdə və qlobal qurumlar çərçivəsində səssiz savaş gedir: 

"Ötən ilin noyabr ayında və bu ilin yanvar ayında Azərbaycan Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanla bağlı irqi ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizə ilə bağlı iki iddia qaldırıb. Məhkəmə iddiaları əsasən 30 illik işğal dönəmində və sonrakı vaxtlarda torpaqlarımızdakı tarixi-mədəni abidələrimizin, təbii sərvətlərimizin, mülki vətəndaşlara aid evlərin talan edilməsi, dağıdılması ilə bağlıdır. Digər məsələ isə işğaldan azad edilmiş ərazilərdə yüz minlərlə minanın basdırılmasıdır. Bu da müharibə cinayəti sayılır. Bu məsələlərə hüquqi-siyasi müstəvidə qiymət verilməsi, hüquqi sənədlərdə öz əksini tapması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox əhəmiyyətlidir. Ermənistan tərəfi isə adekvat addımlar atmaq niyyəti ilə BƏM-nə tələsik, heç bir sübutu və dəlili olmayan iddialarla müraciətlər edir. Bir neçə ay öncə Ermənistan tərəfi Azərbaycanı məhkəməyə vermişdi ki, guya, ölkəmizdə erməni hərbi əsirlər qanunsuz olaraq saxlanılır və s. Halbuki Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib. Üçtərəfli müqavilənin şərtlərinə əsasən, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər geri qaytarılıb. Bundan sonra Ermənistanın Azərbaycana qarşı hansısa iddia irəli sürmək üçün bəhanəsi qalmamışdı. Buna rəğmən, Ermənistan əsassız ittihamlarla yenə də Azərbaycana qarşı iddia qaldırmışdı. Beynəlxalq Ədalət Məhkəməsi hər iddiadan sonra tərəflər arasında kommunikasiya başladır və qarşı tərəfə sorğu göndərir. Rəsmi Bakı Azərbaycana göndərilən sorğuya dəlil və sübutlarla cavab verib və Ermənistanın iddialarının əsassız olduğunu isbatlayıb. Bu da BƏM tərəfindən qəbul edilib və İrəvanın iddiası baxılmadan rədd olunub. Məhkəmənin qərarı Ermənistanın beynəlxalq aləmdə növbəti fiaskosu sayıla bilər".